Vüsal Şıxəliyev: "Biznesin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib"

Vüsal Şıxəliyev: "Biznesin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib"
# 18 iyul 2019 16:17 (UTC +04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi biznes sahələri üzrə ilin ikinci yarısına olan icra və kommunikasiya planları üzrə təqdimat keçirib.

Mərkəzdən APA-ya verilən məlumata görə, Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi xidmətinin baş məsləhətçisi, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın katibliyinin rəhbəri Vüsal Şıxəliyev icra və kommunikasiya planları barədə danışıb.

O bildirib ki, bu ilin birinci yarısında biznes sahələrinin bütün istiqamətləri üzrə kompleks islahatlar həyata keçirilib: “Bu islahatlar müvafiq icra və kommunikasiya planları əsasında yerinə yetirilib. Həmin müddətdə islahatların tətbiqi nəticələrinə dair ilkin məlumatlar təhlil olunaraq növbəti dövr üçün yeni hədəflər, qarşıda duran vəzifələr müəyyən olunub. Dövlət-biznes dialoqu platforması çərçivəsində özəl sektorun nümayəndələri, xüsusilə biznes assosiasiyaları ilə müzakirələr aparılıb”.

Diqqətə çatdırılıb ki, yarım ildə biznes sahələrinin əsas istiqamətləri – tikinti, biznesə başlama, elektrik şəbəkəsinə qoşulma, məhkəmə-hüquq sistemi, əmlakın qeydiyyatı, sərhəddə ticarət indikatorları üzrə yeni kommunikasiya planının təsdiq olunması zərurəti vardı. Artıq bu gün həmin planın təqdimatı keçirilir.

İyulun əvvəlində Baş Nazirin birinci müavini, Azərbaycan Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın sədri Yaqub Eyyubov tərəfindən biznes sahələri üzrə icra və kommunikasiya planları təsdiq edilib.

Planlar dövlət-biznes dialoqu platforması çərçivəsində sahibkarlar və biznes assosiasiyalarının nümayəndələri ilə geniş müzakirə olunub, müvafiq istiqamətlər üzrə təkmilləşdirilməli sahələr və məsələlər dəqiqləşdirilib, onların həlli yolları müəyyən olunub.

Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham Azərbaycan") icraçı direktoru Natəvan Məmmədova qeyd edib ki, “AmCham Azərbaycan”ın hər zaman verdiyi təkliflərindən biri ictimai iştirakçılıqla bağlıdır: “Hesab edirəm ki, istənilən ölkədə inkişaf yolu özəl sektorla dövlət arasında dialoqdan keçir”.

Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndəsi Lily Begiaşvili isə deyib ki, dövlət-biznes tərəfdaşlığı dialoqu platforması bir sıra ölkələrdə də mövcuddur: “Azərbaycanda əlamətdar hal odur ki, məhz bu dialoq dövlət büdcəsi tərəfindən maliyyələşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR