Gürcüstan paytaxtında “Gürcüstanda İslam abidələri” kitabının təqdimatı keçirilib

Gürcüstan paytaxtında  “Gürcüstanda İslam abidələri” kitabının təqdimatı keçirilib
# 10 mart 2011 17:40 (UTC +04:00)
Tbilisi. Nizami Məmmədzadə-APA. Tbilisidə “Gürcüstanda İslam abidələri” kitabının təqdimatı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təqdimat mərasimini kitabın redaktoru, jurnalist Nizami Məmmədzadə açaraq Gürcüstanda ilk dəfə çıxan “Gürcüstanda İslam abidələri” kitabında əsasən azərbaycanlıların məskunlaşdığı bölgələrdə mövcud olan maddi-mədəniyyət abidələri-məscidlər haqqında məlumat verildiyini və Gürcüstanda İslam tarixi, görkəmli dindar şəxsiyyətlər haqqında söz açıldığını bildirib. Sonra tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı nümayəndəsi Hacı Əli Əliyev, yazıçı Əli Abbas, İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri Ehsan Xəzai, Kosalı Mədrəsəsinin müdiri Emin Şəkərçi, “Qarapapaqlar” jurnalının baş redaktoru Akif Xansultanlı, kitabın müəllifi Hacı Rizvan İsmayılzadə, “Əl-Mustafa” Beynəlxalq Universitetinin Gürcüstandakı nümayəndəsi M.Kalanfəribayi və başqaları çıxış edərək Gürcüstanda tolerantlığın inkişaf etdiyini və son illərdə azərbaycanlıların yaşadığı bölgələrdə Gürcüstanda olan İslam abidələri haqqında məlumat qıtlığının və bu tarixi abidələrin tarixi barədə mətbuatda və kitablarda, mənbələrdə məlumatların çox az olduğunu vurğulayıblar. Çıxış edənlər eyni zamanda Gürcüstanda İslam dinin inkişafına istənilən şərait yaradıldığına görə, Gürcüstan dövlətinə təşəkkürlərini bildiriblər.
344 səhifədən ibarət olan “Gürcüstanda İslam abidələri” kitabı Marneulidə fəaliyyət göstərən “Əhli-Beyt” mədəni-maarif cəmiyyətinin və “Əl-Mustafa” Beynəlxalq Universitetinin və İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin maddi dəstəyi ilə çap edilib. Məlumata görə, kitab gələcəkdə gürcü və ingilis dillərində nəşr ediləcək.
“Gürcüstanda İslam abidələri” kitabının müəllifi Hacı Rizvan İsmayılzadə APA-ya açıqlamasında bu kitabın üç hissədən ibarət olduğunu və gələcək nəşrlərdə Gürcüstandakı bir çox məscidlər barədə də ətraflı məlumat verəcəklərini bildirib. “Bu kitabda 76 məscid barədə mükəmməl məlumat verilib. Kitaba Gürcüstanda 646-cı ildən bəri İslam tarixi barədə bilgilər və Tiflis şəhərində İslamın tarixi və üç bölgədə olan qədim və indi tikilən məscidlər barədə məlumatlar daxil edilib. Növbəti kitabda biz Acarıstanda və onun ətraf rayonlarında yerləşən məscid, mədrəsə və dini abidələr barədə oxuculara məlumat veriləcək. Burada indi acınacaqlı vəziyyətdə olan Cavaxetiya bölgəsində acarlara və Məhsəti türklərinə məxsus məscidlər və dini-tarixi abidələr barədə ətraflı məlumatlar veriləcək.”
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR