ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıblar
# 13 aprel 2021 23:23 (UTC +04:00)

ATƏT-in Minsk Qrupunun həmsədrləri (Rusiyadan İqor Popov, Fransadan Stefan Viskonti və ABŞ-dan Endryu Şofer) bu gün bəyanatla çıxış ediblər.

APA xəbər verir ki, həmsədrlər atəşkəsin möhkəmlənməsindən məmnuniyyətini bildirir və tərəflərin 9 noyabr 2020-ci il tarixində əldə etdikləri razılaşmanın icrasını yaxından izləyirlər.

Həmsədrlər meyitlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlayır.

Həmsədrlər tərəflərə digər narahatlıq doğuran sahələrin həlli və uzunmüddətli sülh üçün əlverişli qarşılıqlı etimad atmosferinin yaradılması üçün əlavə səylərin tələb olunduğunu xatırladır.

Bunlara aşağıdakılar daxildir:

Müharibə əsirlərinin və digər məhbusların beynəlxalq humanitar hüququn müddəalarına uyğun olaraq geri qaytarılması, münaqişə bölgələrinin təsirli minalardan təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi;

beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin götürülməsi;

dini və mədəni irsin qorunması və mühafizəsi; münaqişədən təsirlənmiş icmalar və digər xalqlar arasında etimad qurulması tədbirləri üçün birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi.

Həmsədrlər ATƏT mandatlarının şərtlərini və bütün bölgə xalqının sabit, dinc və firavan bir gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərin yaxşı tanıdığı elementlər və prinsiplər əsasında yekun hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu vurğulayıblar.

Bu baxımdan, həmsədrlər tərəfləri həmsədrlərin müşahidəsi altında ən yaxın fürsətdə yüksək səviyyəli siyasi dialoqa başlamağa çağırıblar. Minsk Qrupu həmsədrləri tərəflərin qeyd şərtsiz öz prioritetlərini əks etdirən, strukturlaşdırılmış gündəliyi nəzərdən keçirmələri və birlikdə razılaşdırmaları üçün birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini təkrarlayıblar.

Həmsədrlər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin fəaliyyətinin davam etməsinə və missiyasının genişləndirilməsinə güclü dəstəyini ifadə edir və tərəfləri bu səylərə dəstək göstərməyə çağırırlar. Həmsədrlər qiymətləndirmə və vasitəçilik rollarını yerinə yetirmək üçün Dağlıq Qarabağ və ətraf bölgələr daxil olmaqla bölgəyə işgüzar səfərləri bərpa etməyə hazır olduqlarını vurğulayırlar. Bu baxımdan, həmsədrlər tərəflərə həmsədrlərin səyahət marşrutu ilə əlaqədar səlahiyyətlərinə və əvvəlki təcrübələrinə uyğun olaraq maneəsiz giriş və maksimum hərəkət çevikliyini təmin etmə tələbini xatırladıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR