Ermənistan Prezidenti Onik Qasparyanın məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib

Ermənistan Prezidenti Onik Qasparyanın məsələsi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib
# 02 mart 2021 16:15 (UTC +04:00)

Ermənistan Prezidenti Armen Sarkisyan Baş nazir Nikol Paşinyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən kənarlaşdırılması barədə vəsatətini imzalamayıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Prezident 2018-ci ildə "Hərbi xidmət və hərbçilərin statusu haqqında" qanuna edilən dəyişikliklərin Konstitusiyaya uyğunluğunun nəzərdən keçirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib.

Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı deyil, Konstitusiya Məhkəməsi vəsatətə və Paşinyanın bu vəsatəti göndərməsini mümkün edən qanunvericilik dəyişikliklərinə baxacaq.

Düzəliş uyğun sayılarsa, qanuna görə, Baş nazirin imzaladığı vəsatət imzalandıqdan üç gün sonra avtomatik olaraq qüvvəyə minəcək.

Qeyd edək ki, N. Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi O. Qasparyanı vəzifəsindən azad etdiyi barədə fevralın 25-də açıqlama verib. O, bununla bağlı vəsatəti Prezidentə göndərib. Belə ki, qərarın qüvvəyə minməsi üçün Prezident Baş nazirin təklifi əsasında Baş Qərargah rəisinin vəzifəsindən azad olunması barədə Fərman imzalamalıdır. Lakin Prezident bu barədə Fərman imzalamayıb və Baş nazirin vəsatətini geri göndərib. Bu səbəbdən N. Paşinyan O. Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi barədə təklifini fevralın 28-də yenidən Prezidentə ünvanlamışdı.

Xatırladaq ki, fevralın 25-də Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib. N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR