Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın edib, saxlanılanlar var - YENİLƏNİB

Gürcüstanda polis müxalif partiyanın baş ofisinə basqın edib, saxlanılanlar var - YENİLƏNİB
  • Clock-gray 10:53
  • calendar-gray 23 Fevral 2021

Gürcüstanda müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbs edilməsi zamanı polislə vətəndaşlar arasında baş verən insidentlə əlaqədar 21 nəfər saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, müxalifət tərəfdarları polisin qanuni tələbinə məhəl qoymadıqlarına görə saxlanılıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melia fevralın 17-də Tbilisi Şəhər Məhkəməsinin qəbul etdiyi qərara əsasən həbs edilib.

***

saat 08:42

Tbilisidə Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif “Vahid Milli Hərəkat” partiyasının baş ofisində əməliyyat keçirib.

APA-nın yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından binanın ətrafına xüsusi texnika ilə yanaşı, çox sayda qüvvə cəlb edən polis əvvəlcə müxalif partiyanın sədri Nika Melianın dinc şəkildə təslim olması üçün yarım saat vaxt verib.

Polis ərazidə toplanmış vətəndaşları Tbilisi Şəhər Məhkəməsinin fevralın 17-də N.Melianın həbsi ilə bağlı qəbul etdiyi qərarının icrasına mane olmamağa çağırıb. Xüsusi təyinatlı polis dəstələri daha sonra partiyanın binasına daxil olub və bu zaman əraziyə toplanmış vətəndaşlarla hüquq-mühafizə orqanı əməkdaşları arasında insident baş verib. Hazırda partiyanın baş ofisinin birinci mərtəbəsindəki media nümahəndələrinin, həmçinin müxtəlif müxalif partiyaların liderlərinin məcburi şəkildə binadan çıxarıldığı bildirilir.

Polis Nika Melianın həbsi ilə əlaqədar əməliyyatı davam etdirir. Hazırda 10-dan çox müxalifin saxlanıldığı bildirilir.

Qeyd edək ki, fevralın 17-də Tbilisi Şəhər Məhkəməsi ölkənin əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın sədri Nika Melia barəsində həbs qətimkan təbdirinin görülməsi barədə qərar qəbul edib. Məhkəmənin  qərarından sonra ölkənin Baş naziri Giorgi Qaxariya vəzifəsindən və hakim “Gürcü Arzusu” partiyasına üzvlükdən istefa verib. N.Melia 2019-cu ilin 19-20 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında “Qavrilov gecəsi“ kimi tanınan polis-vətəndaş qarşıdurmasını təhrik etməkdə və qrup zorakılığında iştirakda təqsirləndirilir.

Səid Babazadə

Digər xəbərlər