Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür

Gürcüstanın dövlət müstəqilliyinin bərpasından 30 il ötür
# 09 aprel 2021 01:46 (UTC +04:00)

Gürcüstanın dövlət müstəqilliyini bərpa etməsindən 30 il ötür.

APA-nın yerli bürosu xatırladır ki, 1991-ci ilin 31 mart tarixində keçirilən referendum zamanı hazırda işğal altında olan Abxaziya və Cənubi Osetiya bölgələri də daxil olmaqla Gürcüstan əhalisinin böyük hissəsi ölkənin Sovet İttifaqının tərkibindən ayrılaraq müstəqilliyinin elan edilməsini dəstəkləyib.

Referendum zamanı səsvermə hüququ olan 3,326,100 Gürcüstan vətəndaşının 99.08%-i ölkənin müstəqilliyinin bərpasına səs verib.

Səsvermənin nəticəsinə müvafiq olaraq 9 aprel 1991-ci ildə, Tbilisidə baş verən qanlı faciənin 2-ci ildönümündə Gürcüstan Respublikasının Ali Şurası fövqəladə iclası zamanı Gürcüstanın Dövlət Müstəqilliyinin Bərpası Haqqında Akt qəbul edib. Sənəd 26 may 1918-ci ildə Gürcüstan Demokratik Respublikasının qəbul etdiyi Müstəqillik Aktına əsaslandırılıb.

Gürcüstan və Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra iki ölkə arasında diplomatik münasibətlər 1992-ci ilin 18 noyabrında qurulub. Ölkələr arasında münasibətlər 1993-cü ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsindən sonra yeni mərhələyə qədəm qoyub. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tbilisidə Azərbaycan səfirliyi fəaliyyətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR