Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada koronaviruslu xəstələr üçün qanvermə aksiyası keçirib - FOTO

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Moskvada koronaviruslu xəstələr üçün qanvermə aksiyası keçirib - FOTO
# 28 may 2020 03:26 (UTC +04:00)

Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü, eləcə də Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin dəstəyi ilə koronaviruslu xəstələrin müalicəsi üçün qan vermə aksiyası keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, həftə ərzində davam edəcək aksiya

Azərbaycanın dövlət bayramı – 28 may Respublika Gününə həsr olunub.

Rusiya Federasiyasının əsas qan köçürmə mərkəzi olan Seçenov adına Birinci Moskva Dövlət Tibbi kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutan aksiyada koronavirus infeksiyasından sağalmış şəxslər iştirak ediblər. COVİD-19 virusundan sağalandan iki həftə keçəndən və son iki koronovirus testi neqativ çıxan şəxslər bu aksiyaya qoşulublar. Onlardan götürülən plazma koronovirus infeksiyasına yoluxmuş insanların müalicəsində istifadə olunacaq.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov APA-ya açıqlamasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyi və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin uzun illərdir ki, Seçenov Universitetinin pasientləri üçün donor aksiyası təşkil etdiyini bildirib: “Adətən bu aksiya yaz və payız aylarında keçirilir. Əminliklə deyə bilərəm ki, bu aksiya qiymətsizdir. Ona görə ki, qan hər zaman lazımdır. Elə anlar olur ki, onsuz xəstələrin müalicəsinin heç bir xeyri olmur. Bugünki aksiya isə mürəkkəb bir dövrə təsadüf edir. Moskva artıq iki aya yaxındır ki, özünütəcrid rejimində yaşayır. Buna görə də donorların sayı məhduddur. Bildiyiniz kimi, qanın komponentlərindən olan plazma COVİD 19 virusu daşıyan xəstələrin müalicəsi üçün tələb olunur. Həmin xəstələr üçün plazmafares müalicə tətbiq olunur. Bunun üçün koronavirusa yoluxmuş və sağalmış xəstələrin qan plazmalarından istifadə olunur”.

Professor Ə.Rəhimov ümid edir ki, yeni müalicə metodu olan koronavirusdan sağalmış xəstələrin donor plazmasının köçürülməsi ağır vəziyyətdə olan COVİD-19 virusuna yoluxmuş xəstələrin müalicəsinə kömək edəcək.

Onun fikrincə, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin bu ağır dönəmdə belə bir humanitar aksiya keçirməsi isə təqdirəlayiq haldır: “Bu gün ki, aksiya həm də ona görə əlamətdardır ki, bizə, Qan Mərkəzinə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və AMOR sayəsində koronovirus infeksiyasından sağalmış şəxslər gələrək qan verirlər. Bundan əlavə, AMOR üzvləri olan gənclər də qan donorlarının məhdud olduğu dövrdə qanvermə aksiyasında iştirak edirlər. Biz onlara və aksiyada iştirak edən donorlara ikiqat təşəkkürümüzü bildiririk”.

AMOR İdarə Heyətinin üzvü, tibbi elmləri namizədi Samir Əliyev təşkilat tərəfindən qan vermə aksiyasının keçirilməsinin ənənəvi hal olduğunu söyləyib: “Bu dəfə ki, aksiyada həm koronaviruslu xəstələr üçün, həm də ümumiyyətlə donor qismində qan verilir. AMOR üzvü olan gənclər də bu aksiyada fəal iştirak edirlər”.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyi tərəfindən artıq 11-ci ildir ki, qanvermə aksiyası keçirilir. “Qanın milliyyəti yoxdur” adı altında keçirilən aksiya bu il koronavirus epidemiyasının yayıldığı dövrə təsadüf edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR