İrəvanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir

İrəvanda Paşinyanın istefası tələbi ilə yürüş keçirilir
# 09 dekabr 2020 16:45 (UTC +04:00)

İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş keçirilir.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, yürüş 16 müxalifət partiya tərəfindən təşkil edilib.

"Vətən" partiyasının lideri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyanın rəhbərlik etdiyi nümayişçilərdən ibarət qrup Proşyan küçəsindəki Dvin otelinə bitişik ərazidən parlamentə doğru hərəkət edirlər.

Şəhərin müxtəlif yerlərindən gələn digər qruplar parlament binasının qarşısında onlara qoşulacaq.

A. Vanetsyanın tərəfdaşlarından olan Xaçik Qalstyan bildirib ki, bu gün “xain” atəşkəs bəyanatının imzalanmasından bir ay keçir.

O bildirib ki, hakimiyyətin xain əməllərinə görə yüzlərlə ananın gözü yaşlı qalıb, yüzlərlə valideyn itkin övladlarını axtarır.

X. Qaltsayn qeyd edib ki, vəziyyəti düzəltməyin yeganə yolu N. Paşinyanın dərhal istefa verməsidir.

X. Qalstyan vətəndaşları aksiyaya qoşulmağa çağırıb. Nümayişçilər “Nikol, get!”, “Nikol, xain” şüarları səsləndirir. Bugünkü yürüşün son dayanacağı parlament binası olacaq.

Parlament binasının yerləşdiyi Bağramyan prospekti artıq bağlanıb.

Aksiyada ümumilikdə bir neçə min insan iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR