Moskva və Kiyev arasında qaz tranziti və qarşılıqlı iddialar barədə razılıq əldə olunub

Moskva və Kiyev arasında qaz tranziti və qarşılıqlı iddialar barədə razılıq əldə olunub
# 21 dekabr 2019 04:08 (UTC +04:00)

Moskva və Kiyev Ukrayna vasitəsilə qaz tədarükünün davam etdirilməsi şərtləri barədə razılığa gəliblər. Danışıqlar Minsk yaxınlığındakı "Syabrı" turizm kompleksinin atıcılıq və idman mərkəzinin ərazisində bağlı qapılar arxasında baş tutub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Qazprom”un nümayəndəsi bildirib.

“Rusiya və Ukrayna tərəfləri Ukrayna ərazisi ilə qaz tranzitinin davam etdirilməsi və qarşılıqlı tələblərin tənzimlənməsi barədə saziş protokolu imzalayıblar”, - deyə məlumatda bildirilib.

Bununla yanaşı, şirkət rəsmisi yeni qaz razılaşmasının təfərrüatlarına toxunmayıb.

Mavi yanacağın Ukrayna üzərindən tranzitinə dair mövcud müqavilənin müddəti bu ilin sonunda başa çatır. Moskva və Kiyev Avropa Komissiyasının iştirakı ilə ikitərəfli görüşlərdə və üçtərəfli formatda aparılan danışıqlarda sazişin uzadılması imkanlarını müzakirə ediblər.

Qeyd edək ki, bu ərəfələrdə Almaniyada Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviçin tərəflərin “prinsipcə razılığa gəldiklərini” açıqlaması ilə nəticələnən görüş keçirilib. Danışıqlar Minskdə də davam etdirilib.

Bu arada, Ukrayna prezidentinin ofisi də Avropa Komissiyası, Ukrayna və Rusiya nümayəndələrinin Rusiya qazının Ukrayna ərazisindən Avropaya tranziti və qarşılıqlı iddiaların tənzimlənməsi barədə yekun razılığa gəldiklərini təsdiqləyib. Bu barədə ofisin mətbuat katibliyi məlumat yayıb.

“Avropa Komissiyası, Ukrayna və Rusiya nümayəndələri bu gün Rusiya qazının Ukrayna ərazisindən Avropa istehlakçılarına tranziti və qarşılıqlı iddiaların tənzimlənməsi ilə bağlı prinsipial mövqelər barədə yekun razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR