Moskvada “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya-antologiyasının təqdimatı keçirilib - FOTO

Moskvada “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya-antologiyasının təqdimatı keçirilib - FOTO
# 07 mart 2021 11:23 (UTC +04:00)

Moskvada “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya-antologiyasının təqdimatı keçirilib.

APA-nın Rusiya bürosunun məlumatına görə, akademik İsa Həbibbəyli və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru, filologiya elmləri doktoru Abuzər Bağırovun həmmüəllifləri olduğu monoqrafiya-antologiyanın təqdimatı Moskvadakı “Azərbaycan Evi”ndə baş tutub.

Təqdimatda Rusiya və Azərbaycanın ədəbiyyat adamları, Rusiyadakı Azərbaycan diasporunun fəalları və media nümayəndələri iştirak ediblər.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Rusiyanın Literaturnaya qazeta”sının birgə layihəsi olan “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya antologiyasının həmmüəllifi A. Bağırov 2015-ci ildən bu layihə üzərində işlədiklərini söyləyib: “Literaturnaya qazatada” mütəmadi olaraq Moskvadakı Azərbaycan şairlərinin əsərlərini verdik. Sonrakı buraxılışlarda isə folklor nümunələrimizi dərc etdik. Nüfuzlu “Literaturnaya qazeta”nın hər buraxılışının səkkiz səhifəsi Azərbaycanın ədəbiyyat nümunələrinə həsr olunurdu. Ümumilikdə qəzetdə 60 səhifəlik məlumat dərc etdik. Daha sonrakı buraxılışlarda isə aşıq ədəbiyyatımızı, klassik ədəbiyyatımızı və müasir ədəbiyyat nümunələrimizi yayınladıq. Bu 5 illik layihəni işləyən zaman məqsədimiz rus oxucusunda Azərbaycan poeziyası haqqında təsəvvür yaratmaq idi. Düşünürəm ki, məqsədimizə çatmışıq”.

A.Bağırov monoqrafiya-antologiyada “Literaturnaya qazeta”da dərc olunan Azərbaycan ədəbiyyat nümunələrinə dair materiallarla yanaşı Azərbaycan şairlərinin bioqrafik məlumatlarının da yer aldığını söyləyib: ”Bu kitabın məqsədi şifahi və yazılı Azərbaycan poeziyasının seçmə nümunələri əsasında elmi baxımından yanaşmaqla rus dilli oxucuda aydın təsəvvür yaratmaqdır”.

Kitabı nəşrə hazırlayan “Xudojestvennaya litaretura” nəşrinin direktor müavini Anna Kapyustuk Azərbyacan ədəbiyyatı toplusundan ibarət bu monoqrafiya-antologiyanın özünün professional fəaliyyətində ayrıca bir səhifə olduğunu söyləyib: “Bu gün təqdim olunan kitab bir neçə il ərzində “Literaturnaya qazeta”da dərc olunan Azərbaycanın ədəbiyyat nümunələrinin toplusudur. Məqsəd məhz “literaturnaya qəzetada” dərc olunan Azərbaycan ədəbiyyatına dair materialları qoruyub saxlamaq idi. Bu çox vacibdir. Çünki qəzet müvəqqətidir, bu gün oxudun, qurtardın, sabah isə həmin qəzeti tapmaya bilərsən. Amma kitab halında bunu çap etmək, bu isə ömürlükdür. Bu baxımdan “Azərbaycan Turanın mirvarisi” monoqrafiya-anotologiyasını fundamental əsər adlandırmaq olar”.

Təqdimatda çıxış edən natiqlər “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya-antologiyanın Rusiyanın ədəbiyyat cəmiyyəti tərəfindən maraqla qarşılandığını, Azərbaycan ədəbiyyatı daxil olmaqla şərq ədəbiyyatını daha dərindən öyrənmək istəyənlər üçün olduqca vacib elmi vəsait olduğunu xüsusi vurğulayıblar.

Qeyd edək ki, Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında çap olunan “Azərbaycan-Turanın mirvarisi” monoqrafiya-antologiyanın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru isə “Literaturnaya qazeta”nın baş redaktorunun müavini Anastasiya Yermakovadır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR