Moskvada azərbaycanlı şairənin yaradıcılığına həsr olunan poeziya axşamı keçirilib

Moskvada azərbaycanlı şairənin yaradıcılığına həsr olunan poeziya axşamı keçirilib
# 07 dekabr 2019 20:15 (UTC +04:00)

Rusiyada Azərbaycan Diasporunun Moskva ofisində akademik Fazil Qurbanovun təşkilatçılığı ilə Afaq Şıxlının yaradıcılığına həsr olunmuş poeziya axşamı keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, şairənin 50 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkəmizin Rusiyadakı səfirliyinin əməkdaşları, Azərbaycan Diasporunun nümayəndələri, şairlər, yazıçılar, jurnalistlər iştirak ediblər.

Poeziya axşamının aparıcısı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Abuzər Bağırov olub. O, tədbirin təşkilinə şərait yaratdığına, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinə göstərilən dəstəyə və sıx əməkdaşlığa görə akademik Fazil Qurbanova təşəkkürünü bildirib.

A.Bağırov yubiliyarın həyat və yaradıcılığından danışıb: “Afaq xanım çox gözəl insan, istedadlı şairə, həkim, ana və nənədir. Onun əsərlərində sevgi və bədiilik ön plana çıxır. Afaq Şıxlının poeziya aləmi çoxtərəfli və sevgi ilə doludur. Onun şeirlərinin gözəlliyi təkcə forma dəqiqliyində deyil, daha çox əsl səmimilyindədir”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın təbrik məktubunu oxuyub. Məktubda Afaq Şıxlının Azərbaycan və ümumilikdə türk poeziyasına böyük töhfə verdiyi qeyd olunub.

Tədbirdə çıxış edən professor Kamran Rüstəmov qeyd edib ki, şairə öz şeirlərində yaratdığı obrazlara tamamilə uyğundur: “Afaq xanım öz yaradıcılığı ilə təkcə doğma Azərbaycan dilində deyil, həm də bizim üçün yaxın olan rus dilində yazmağa marağı artırır”.

Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət attaşesi Nigar Axundova da Afaq Şıxlını yubileyi münasibətilə təbrik edib. O, şairənin yaradıcılığında tarixi, Vətənə sevgi hislərinin xüsusi yer tutduğunu, habelə təkcə şairləri deyil, bütün insanları həyəcanlandıran mövzulara toxunulduğunu vurğulayıb.

Bütün qonaqlara xoş sözlərə, dəstəyə və onun yaradıcılığına göstərilən diqqətə görə təşəkkürünü bildirən Afaq Şıxlı gördüyü işlərdən, yaradıcılığında əldə etdiyi uğurlardan danışıb.

Poeziya axşamı iki saatdan artıq davam edib. Tədbirin bədii hissəsində milli saz alətindəki ifalar tədbirə xüsusi rəng qatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR