Moskvada polisə 4 saat müqavimət göstərən şəxs yanan evdə ölüb - YENİLƏNİB

Moskvada polisə 4 saat müqavimət göstərən şəxs yanan evdə ölüb - YENİLƏNİB
  • Clock-gray 23:43
  • calendar-gray 30 Mart 2021

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) və Daxili İşlər Nazirliyinin əməkdaşları martın 30-da qanunsuz silah ticarəti ilə məşğul olduğu ehtimal edilən şəxsin saxlanılması üçün Moskva vilayətinin Veşki kottec kəndində əməliyyat keçiriblər.

APA TASS-a istinadən xəbər verir ki, həmin şəxsin evində axtarış aparılarkən o, barrikada quraraq təhlükəsizlik qüvvələrinə atəş açıb.

Məlumata görə, həmin şəxs topdan və pərakəndə ticarət və tikinti şirkətinin baş direktoru, əvvəllər məhkum olunmuş 1960-cı il təvəllüdlü Vladimir Bardanovdur.

Polis şübhəlinin həyat yoldaşına evi yoxlamaq üçün məhkəmə qərarını təqdim edib və içəri daxil olub. Həmin vaxt Bardanov pəncərədən avtomat silahlarla atəş açmağa və əl qumbarası atmağa başlayıb. Ümumilikdə onun təhlükəsizlik qüvvələrinə qarşı azı 20 qumbara atdığı deyilir.

O, hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı ciddi müqavimət göstərib, partlayış törədib və nəticədə yanğın baş verib. Daha sonra daha bir neçə partlayış səsi eşidilib.

Əməliyyat zamanı xüsusi təyinatlıların bir əsgəri ayağından yaralanıb.

Bildirilir ki, V.Bardanovla bağlı 148 min rubl vergi borcları da daxil olmaqla bir neçə icra prosesi aparılıb.

Əməliyyat zamanı Bardanovun ailə üzvləri evdə olsalar da, onlar yanan evdən uzaqlaşa biliblər. Şübhəli özü isə yanan evdə qalıb və ilkin məlumata görə, evin damında gizlənərkən orada ölüb.

Hazırda kənd polis tərəfindən mühasirəyə alınıb, oraya Milli Qvardiya qüvvələri yerləşdirilib.

İstintaq Komitəsi faktla bağlı cinayət araşdırmasına başlayıb. Prokurorluq istintaqı nəzarətə götürüb.

Hadisə şahidlərinin sözlərinə görə, təhlükəsizlik qüvvələrinə qarşı atəş açan şəxs öz evində pələng, ayı və vaşaqlardan ibarət şəxsi zoopark yaradıb.

***

Saat 16:11

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətinin Mıtişi rayonunda genişmiqyaslı əməliyyat keçirir.

APA-nın Rusiya bürosunun məlumatına görə, Mıtişi rayonunun tərkibinə daxil olan qəsəbədə genişmiqyaslı əməliyyat keçirməsi səbəbi ilə sakinlərə evdən çölə çıxmamaq barədə xəbərdarlıq olunub.

Xüsusi əməliyyat qrupunun axtarış keçirməsi qəsəbədə qanunsuz silah saxlaması faktı ilə bağlıdır.

Bildirilib ki, Yeni Veşki qəsəbəsi Pribrejnaya küçəsində aparılan əməliyyat zamanı ev sahibi hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb, hətta onlara əl qumbarası atıb. Atışma 4 saatdır davam edir.

61 yaşında olduğu bildirilən silahlı şəxs Moskva sakinidir.

apa-logo-mini

Digər xəbərlər