Moskvadakı Azərbaycan pavilyonunda “Novruz 2021” bayram tədbiri keçirilib - FOTOSESSİYA

Moskvadakı Azərbaycan pavilyonunda “Novruz 2021” bayram tədbiri keçirilib - FOTOSESSİYA
# 21 mart 2021 11:18 (UTC +04:00)

Moskvada Ümumrusiya Xalq Nailiyyətləri Sərgisində yerləşən Azərbaycan pavilyonunda “Novruz-2021” bayram tədbiri keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 30 illiyi çərçivəsində və Moskva meriyasının Mədəniyyət Departamentinin iştirakı ilə keçirilən tədbirdə qonaqlara Moskvanın Qara Qarayev adına musiqi məktəbinin şagirdlərinin, “Yarineya” vokal-orkestr kollektivinin, Azərbaycan və rus rəqs ansambllarının və Kazak xorunun ifasında konsert proqramı təqdim olunub.

Moskva sakinləri və Azərbaycan diaspor nümayəndələrinin qatıldığı tədbirdə Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan idman klubunun üzvlərinin iştirakı ilə Azərbaycanın milli idman növü olan “Güləş”, xalq sənətkarlığı ustad dərsləri nümayiş olunub.

Bayram tədbiri çərçivəsində Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda ixracın və investisiyaların Təşviqi Fondu (Azpromo) tərəfindən Azərbaycan məhsullarının dequstasiyası da təşkil olunub. Qonaqlara Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim olunub.

Azərbaycan Pavilyonunun direktoru Səadət Kadırova Moskvada fəaliyyət göstərən Azərbaycan pavilyonunun mədəniyyətimizi, tariximizi, mətbəximizi, milli adət-ənənələrimizi tanıtım mərkəzi rolunu oynamalı olduğunu söyləyib: “Bu səbəbdən bu gün pavilyonda keçirdiyimiz ilk bayram tədbiri olan “Novruz 2021” qonaqlar üçün yadda qalan olmalıdır. Ona görə də, çalışmışıq ki, proqramda Azərbaycan xalq rəqsləri, master-klassları ilə yanaşı rus mədəniyyətinə dair nümunələri də göstərək. Məqsəd xalqlarımızın bir-birinə yaxınlığını nümayiş etdirməkdir”.

Moskva Dövlət Universitetinin Botanika bağının direktoru Aleksey Reteyum Azərbaycanla onu sıx əlaqələrin bağladığını söyləyib: “Mənim rəhbərlik etdiyi Botanika bağını Azərbaycanla çoxdandır ki, mədəni və dostluq münasibətləri bağlayır. Ötən il Botanika bağında möhtəşəm Azərbaycan mədəniyyət günləri tədbiri keçirilmişdi. Bizim aramızda mədəni tədbirlər mübadiləsi davam edir. Moskvadakı Azərbaycan pavilyonunu çox bəyənirəm. Dəfələrlə burada olmuşam. İndi də Novruz bayramı tədbiri mənim azərbaycanlı dostlarımla görüşməyim və maraqlı vaxt keçirməyim üçün əla bir fürsətdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR