Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib

Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif şəhərlərində aksiyalar keçirilib
  • Clock-gray 18:55
  • calendar-gray 23 Yanvar 2021

Rusiyalı bloger Aleksey Navalnının azad olunması tələbi ilə Rusiyanın müxtəlif regionlarında aksiyalar keçirilib.

APA-nın məlumatına görə, razılaşdırılmamış aksiyalar əsasən Moskva, Sankt-Peterburq, Kazan, Yekaterinburq, Novosibirsk, Vladivostok, Xabarovsk, Tomsk, Ulan-Ude, Kemerovo və digər şəhərlərdə keçirilib.

Aksiyalarda “Navalnıya azadlıq”, “Putin get” və hakimiyyət əleyhinə digər şüarlar səsləndirilib.

Hüquq-mühafizə orqanlarının razılaşdırılmamış etiraz aksiyalarına qatılanlara qarşı ciddi xəbərdarlıq etməsinə baxmayaraq, aksiyalara xeyli sayda insan qatılıb. Nəticədə polis tərəfindən bir çox aksiya iştirakçısı saxlanılıb.

Saxlanılanlar arasında Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya, tərəfdarları, müxalif yönlü media nümayəndələri də var.

Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar olub.

Moskvada Puşkin meydanında toplaşan etirazçılar Tverskaya küçəsi boyunca Kreml yaxınlığındakı Manej meydanına yürüş ediblər. Polis qeyri-qanuni aksiyaya görə Manej meydanını bağlayıb. Etiraz aksiyası səbəbindən paytaxtın mərkəzi küçələrində hazırda tıxac müşahidə olunur.

İndiyə kimi etiraz aksiyalarında 1 300-dən çox insanın saxlanıldığı bildirilir.

ABŞ-ın Rusiyadakı səfirliyi ölkədə keçirilən etiraz aksiyaları ilə bağlı bəyanat yayıb. Bəyanatda Rusiyanın 38 şəhərində keçirilən etiraz aksiyaları ilə bağlı xəbərləri izlədikləri, bütün insanların dinc etiraz haqlarını, fikirlərini bildirmək azadlıqlarını dəstəklədikləri vurğulanıb.

Rəsmi Moskvanın ABŞ səfirliyinin məlum bəyanatına sərt reaksiyası özünü çox gözlətməyib. Belə ki, Rusiya Xarici İşlər Nazirliyi amerikalı həmkarlarını öz problemləri ilə məşğul olmağa və digər dövlətlərin daxili işlərinə qarışmamağa çağırıb.

“Öz problemlərinizlə məşğul olun və digər dövlətlərin daxili işlərinə qarışmağı dayandırın”, - Rusiya XİN-in rəsmi “Facebook” səhifəsindəki bəyanatda qeyd olunub.

Xatırladaq ki, yanvarın 17-də Almaniyadan müalicədən geri dönən Aleksey Navalnı Moskvada Şeremetyevo hava limanında saxlanılıb. Növbəti gün onun saxlanıldığı polis bölməsində məhkəmə təşkil olunaraq ona 30 günlük həbs verilib. O, fevralın 15-dək həbsdə olacaq, daha sonra isə onun işi ilə bağlı yenidən məhkəmə keçiriləcək.

Fərid Əkbərov

Digər xəbərlər