Rusiyada eks-prezidentlərin ömürlük senator təyin edilməsi və toxunulmazlığı haqda qanun qəbul olunub

Rusiyada eks-prezidentlərin ömürlük senator təyin edilməsi və toxunulmazlığı haqda qanun qəbul olunub
  • Clock-gray 14:48
  • calendar-gray 09 Dekabr 2020

Rusiyada eks-prezidentlərin ömürlük senator təyin edilməsi haqqında qanun qəbul olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının bu gün keçirilən plenar iclasında Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Eks-prezidentin səlahiyyət müddəti başa çatandan sonra ömrünün sonunadək senator olmasına imkan verən qanun layihəsi qəbul olunub.

Rusiya Federal Məclisi Federasiya Şurasının formalaşdırılması qaydası haqqında qanunun redaksiyasının müəllifi prezident Vladimir Putin olub. Qanun layihəsi konstitusiyaya düzəlişlər çərçivəsində təqdim olunub. Qanuna təklif olunan yeniliklərə görə, Federasiya Şurası senatorlardan təşkil olunur. Palataların tərkibinə Rusiya Federasiyasının hər subyektindən iki nümayəndə daxil olur - onlardan biri qanunvericilik, digəri isə icra hakimiyyəti orqanlarını təmsil edir. Prezidentsə səlahiyyət müddəti başa çatan kimi ömürlük senator təyin olunur.

Bundan başqa, Dövlət Duması keçmiş prezidentin və onun ailəsinin toxunulmazlığı haqqında qanun layihəsini də qəbul edib. Qanun layihəsinə görə, səlahiyyət müddəti başa çatmış Rusiya Prezidenti toxunulmazlıq qazanır, onu cinayət və inzibati məsuliyyətə cəlb etmək, eləcə də saxlamaq, həbs etmək və dindirmək olmaz. Keçmiş prezidentin toxunulmazlığı onun yaşadığı evə və xidməti məkanına, habelə istifadə etdiyi nəqliyyat, rabitə vasitələrinə, sənədlərə, yükə və yazışmalarına da şamil olunur.

Fərid Əkbərov

Digər xəbərlər