Rusiyada qadın 11 təqaüdçü kişi ilə ailə quraraq onların əmlakını ələ keçirib, bir müddət sonra həmin şəxslər ölüb

Rusiyada qadın 11 təqaüdçü kişi ilə ailə quraraq onların əmlakını ələ keçirib, bir müddət sonra həmin şəxslər ölüb
  • Clock-gray 11:11
  • calendar-gray 05 Fevral 2021

Rusiyada təqaüdçü kişilərlə evlənib onların əmlakını ələ keçirən qadının cinayət işi məhkəməyə göndərilib.

APA-nın Moskva bürosunun Rusiya Daxili İşlər Nazirliyinin regional İdarəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, 53 yaşlı qadın 11 təqaüdçü ilə ailə qurub, onların əmlakını ələ keçirməkdə təqsirli bilinir.

İstintaq zamanı müəyyən edilib ki, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan 53 yaşlı qadın öz qızları ilə birlikdə tənha kişi axtarışına çıxıblar. Qadın həmin kişilərə ərə gedib, qızları isə həmin kişilərin etibarını qazanaraq onlardan vərəsəlik hüququ alıb və Armavir, Krasnodar, Soçidə torpaq sahələrini, yaşayış evlərini satıblar.

İstintaqla o da müəyyən edilib ki, 2013-2019-cu illərdə həmin qadın 12 tənha kişi ilə ailə qurub. Həmin kişilərdən 11-i ailə qurduqdan bir müddət sonra ölüb.

Ümumilikdə zərərçəkənlərə dəyən zərərin miqdarı 21,7 milyon rubl təşkil edir.

Sözügedən cinayət işinin istintaqı başa çatıb. İş baxılması üçün məhkəməyə göndərilib.

Fərid Əkbərov

Digər xəbərlər