Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısı və bir qadın həlak olub

Rusiyada təyyarə qəzasında NTV kanalının aparıcısı və bir qadın həlak olub
  • Clock-gray 02:24
  • calendar-gray 08 Noyabr 2020

Moskvada “Cessna” yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində təyyarəni idarə edən NTV kanalının aparıcısı Aleksandr Koltov və bir qadın həlak olub.

Təyyarə Moskvanın Myaçkovo hava limanından Yaroslavl vilayətinin Rıbinsk şəhərinə uçuş edirmiş. Uçuş zamanı texniki səbəbdən mühərrik alovlanmağa başlayıb. Pilot təcili siqnal verərək təyyarəni tarlaya endirib, lakin yanğın təyyarəni tamamilə bürüyüb. 

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarə Novoryazanski magistral yolunun Lyubertsi şəhər dairəsinin Çkalovo qəsəbəsi yaxınlığında tarlada təcili qəza enişi edib. 

Nəqliyyat üzrə Moskva Regionlararası İstintaq İdarəsinin nümayəndəsi Yelena Markovskaya bildirib ki, hazırda İstintaq Komitəsi tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsi üzrə cinayət işi açılıb.

Onun sözlərinə görə, istintaq-əməliyyat qrupu hadisə yerində işini davam etdirir. Təyyarənin texniki sazlığı ilə bağlı bütün detallar yoxlanılır. 

Myaçkovo hava limanının Nəqliyyat xidmətinin rəhbəri Nikolay Maksimov təyyarənin uçuşdan əvvəl bütün lazımi texniki yoxlamalardan keçdiyini söyləyib. 

Hüquq-mühafizə orqanlarındakı mənbə də uçuşdan əvvəl təyyarənin texniki vəziyyətinin normal olduğunu açıqlayıb. 

Digər bir mənbənin məlumatına görə, Koltovun müddətsiz xüsusi pilot sertifikatı var imiş. 

Çex istehsalı olan idman təyyarəsinin sahibinin iş adamı Arkadi Qraçov olduğu bildirilir.

 

Rəşad Sarıyev

Digər xəbərlər