Rusiyalı videoblogger: “Bu gün həqiqət Azərbaycan xalqının tərəfindədir”

Rusiyalı videoblogger: “Bu gün həqiqət Azərbaycan xalqının tərəfindədir”
# 16 iyul 2020 16:24 (UTC +04:00)

"Açıq təxribatın ancaq bir məqsədi var - Azərbaycanı Qarabağa deyil, məhz qonşu respublikanın ərazisinə qoşun yeritməyə məcbur etmək. Niyə görə Qarabağa yox? Ona görə ki, Qarabağla Azərbaycanın təmas xətti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təsir dairəsinə düşmür. Tovuz rayonundakı sərhəd isə düşür”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan əsilli məşhur rusiyalı videoblogger, kulinar Stalik Xankişiyev özünün 1 milyon yarım izləyicisi olan “YouTube” kanalındakı müraciətində bildirib.

O, izləyicilərinə Dağlıq Qarabağ münaqişəsinin 30 ildən çoxdur ki, davam etdiyini, sülh danışıqlarının heç bir nəticə vermədiyini söyləyib.

S. Xankişiyevin sözlərinə görə, sülh prosesi Ermənistana lazım deyil, Ermənistan iqtisadi və koronavirus böhranı içərisindədir və orada təxribatı təşkil etmək qərarına gəliblər: “Rusiya daxil olmaqla, dünyanın heç bir ölkəsi tərəfindən tanınmayan Qarabağda deyil, tamamilə aydın, beynəlxalq səviyyədə tanınan sərhəddə. Boş yerə, tamamilə səbəbsiz olaraq Azərbaycanın ən ucqar yerində ciddi döyüşlər gedir”.

Azərbaycanın Rusiya, Qazaxıstan, Qırğızıstan və Belarusla əla münasibətlərinin olduğunu xatırladan rusiyalı videoblogger deyib ki, iqtisadi, mədəni, xalqlar səviyyəsində əlaqələr - hər şey əladır: “Azərbaycana qardaş xalqlarla müharibə lazım deyil. Azərbaycan heç vaxt, tarix boyu Rusiyaya xəyanət etməyib, arxa cəbhədə çirkin oyunlar aparmayıb və rus əsgərlərinin əli ilə hansısa döyüşü udmağa cəhd etməyib. Qonşu respublikada isə hər şey əksinədir. Ermənistan indi Qafqazda böyük beynəlxalq qırğın təşkil etməyə, daha bir qaynar nöqtə yaratmağa çalışır, sonra isə dünya ictimaiyyətinə təcili hərbi və humanitar yardım haqqında xahişlə müraciət edir. Məni millətçi kimi qələmə verməyin. Mən təpədən dırnağa kimi beynəlmiləlçiyəm. Lakin mən azərbaycanlıyam, bununla bərabər Rusiya vətəndaşıyam. İstəmirəm ki, qardaş xalqlar ancaq üçüncü ölkələrin siyasilərinə sərf etdiyinə görə düşmən olsunlar. Üstəlik, bu siyasətçilər özlərini ən çirkli yalançı və avantürist kimi göstəriblər. Onlar on illiklərdir ki, öz xalqını yalan nağılların köməyi ilə bəsləyirlər, onlar artıq bu bədbəxt insanları inandırıblar ki, özləri ən böyük, ən qədim xalqdırlar, ətrafda olanlar isə gəlmə köçərilər, mədəniyyətsiz və tarixsizdirlər. Onlar yad ərazilərin ələ keçirilməsinə haqq qazandırırlar və xalqı yeni müharibələrə, yeni ərazilər tutmağa hazırlayırlar”.

Videoblogger faşist Almaniyası ilə paralellər apararaq belə şüarlarla faşist və nasistlərin alman xalqını müharibəyə hazırladıqlarını xatırladıb.

S. Xankişiyev kanalının abunəçilərindən və izləyicilərindən videomüraciətini bəyənərək dəstəkləməyi və yaymağı xahiş edib: “Qoy, daha çox insan rus və digər xalqların Coroc Sorosun bəslədiyi prinsipsiz avantüristlər tərəfindən hansı çirkin avantüraya çəkildiyini bilsin. Mehriban qonşuluq yerinə Qafqazda böyük və qanlı müharibə kimə lazımdır?”

Azərbaycanlıların heç vaxt müharibə tərəfdarı olmadığını vurğulayan rusiyalı videoblogger 30 il ərzində xalqın ümidsizliyə sürükləndiyini vurğulayıb: “Bu günlərdə bütün Azərbaycanda nümayişlər, yürüşlər keçirilir. Gənc oğlanlar, kişilər hakimiyyətdən onlara silah vermələrini tələb edir. Onlar öz vətənlərini azad etmək üçün döyüşməyə getmək istəyirlər. Eyni ilə 1941-ci ildə babalarımız “Qalx, ölkə böyükdür” mahnısı altında ayağa qalxaraq qaranlıq faşist qüvvəsi ilə ölümcül bir döyüşə getmişdi. Bu gün azərbaycanlılar belə əhval-ruhiyyədədirlər. Onları bu yerə çatdırdılar və onlar haqlıdırlar. Onlar güclüdürlər. İmanın gücü və həqiqətin gücü ilə onlar sözsüz qüvvətlidirlər. Məşhur “Brat” filmində qəhrəmanın dediyi kimi “Güc nədədir, qardaş? Güc həqiqətdədir”. Bu gün həqiqət Azərbaycan xalqının tərəfindədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR