Rusiyanın Navalnının zəhərlənməsini araşdırmaq üçün komissiya yaradacağına dair məlumat təkzib edilib

Rusiyanın Navalnının zəhərlənməsini araşdırmaq üçün komissiya yaradacağına dair məlumat təkzib edilib
# 10 sentyabr 2020 14:43 (UTC +04:00)

Kreml Rusiyanın Aleksey Navalnı ilə baş verən insidentlə bağlı komissiya yaratmağa hazırlaşdığına dair məlumatlara münasibət bildirib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Navalnı ilə bağlı hadisənin araşdırılması üçün komissiya yaratmaq haqqında xəbərlərin doğru olmadığını söyləyib: “İstisna etmirəm ki, hansısa anlaşılmazlıq yaranıb. Həqiqətən də Putin italiyalı həmkarı ilə telefon danışığı zamanı Berlindəki xəstə mövzusuna toxunub. Prezident həmkarını istintaqa qədərki fəaliyyət, cinayət işi başlanması üçün de-yure əsasın olmaması və rusiyalı mütəxəssislərin bütün təhlillərinin zəhərləyici maddələrin olmadığını göstərdiyi barədə məlumatlandırıb”.

Kremlin sözçüsü Moskvanın baş vermiş hadisənin bütün detallarının tam ortaya çıxmasında maraqlı olduğunu da vurğulayıb. O, Rusiya tərəfinin almaniyalı həmkarlarından laboratoriyalarda aparılan təhlillərin nəticələri barədə cavab gözlədiyini də xatırladıb.

Qeyd edək ki, İtaliyanın baş naziri Cuzeppe Konte "Foglio" nəşrinə müsahibəsində Vladimir Putinin Aleksey Navalnı insidentinin araşdırılması üçün komissiya yaratmağa hazırlaşdığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR