Rusiyanın əmək bazarı işçi qüvvəsinin kəskin çatışmazlığı ilə üzləşib - ARAŞDIRMA

Rusiyanın əmək bazarı işçi qüvvəsinin kəskin çatışmazlığı ilə üzləşib - ARAŞDIRMA
# 29 mart 2021 17:56 (UTC +04:00)

Rusiyanın əmək bazarı işçi qüvvəsinin kəskin çatışmazlığı ilə üzləşib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, əcnəbi işçi miqrantlarının Rusiyaya axını ötən il ərzində iki dəfə aşağı düşüb.

Pandemiya dövründə işçi miqrantların 40 faizi Rusiya ərazisini tərk edib. Bu səbəbdən də miqrantlar üçün ənənəvi iş vakansiyalarının sayı əhəmiyyətli dərəcədə artıb. Lakin həmin iş vakansiyalarına müraciətlərin sayı isə demək olar yox vəziyyətindədir.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ildə miqrasiya qeydiyyatına düşən əcnəbilərin sayı 2019-cu illə müqayisədə iki dəfə az olub. Ölkədə xarici işçi miqrantlarının sayı 7 milyona qədər azalıb.

Rusiyada çalışan miqrantların Həmkarlar İttifaqının sədri Renat Kərimov APA-ya açıqlamasında bildirib ki, 2019-cu ildə Rusiyada rəsmi şəkildə 500 minə yaxın Tacikistandan vətəndaşı çalışırdısa, 2020-ci ildə bu rəqəm 4 dəfə azalıb: Artıq 1 ildir ki, pandemiyaya görə sərhədlər bağlı olduğundan xarici miqrantlar Rusiyaya gələ bilmirlər. Bu səbəbdən də ölkədə, xüsusi ilə də paytaxt Moskvada əmək bazarında işçi qüvvəsi çatışmazlığı yaranıb. Bunu qış aylarında Moskvanın küçələrinə baxanda görmək mümkün idi. Küçələr demək olar ki, qardan təmizlənmədi”.

Bu ilin fevral ayında Avrasiya İttifaqına üzv olan ölkələr üçün Rusiya sərhədini açıb. Artıq Ermənistan, Qazaxıstan, Belarus və Qırğızıstandan olan miqrantlar asanlıqla Rusiyaya gəlib qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul ola bilərlər. Lakin ən çox əmək mirqantlarının olduğu Özbəkistan və Tacikistanla Rusiya hələ də sərhədlərini bağlı saxlayıb. Bu səbəbdən də həmin ölkələrdən Rusiyaya əmək miqrantları gələ bilmirlər.

Hazırda Rusiyanın əmək bazarında iş vakansiyalarının sayında kəskin artım müşahidə olunur. Əcnəbi miqrantların əksəriyyəti tikinti və xidmət sektorunda çalışanlardır. İş axtarışı xidmətlərinin açıqladığı statistikaya əsasən, Moskvada pandemiya fonunda kuryer və taksi xidmətləri üzrə iş vakansiyalarının sayı 80 faiz, tikinti sektorundakı vakansiyaların sayı isə 30 faiz artıb.

Renat Kərimov bildirib ki, əcnəbi miqrantlar işə götürənlər üçün də çox sərfəlidir: “Belə ki, onlar rusiyalılarla müqayisədə daha çox işləyib, daha az məvacib alırlar. Onları səhər saat 4-də işə gətizdirmək və gecə saatlarına qədər işlətmək olur. Onların yaşayışı üçün elə də yaxşı şərait tələb olunmur. Rusiyaya iş dalınca gələn miqrantı ancaq çörək pulu qazanmaq maraqlandırır, hansı şəraitdə yaşaması deyil. Lakin rusiyalı üçün bu belə deyil”.

Ekspertlərin hesablamalarına görə, əcnəbi miqrantlar rusiyalılardan 1,5 dəfə çox işləyirlər. Əgər əmək məcəlləsinə görə, rusiyalılar üçün iş həftəsi 40 saatdırsa, əcnəbi miqrant üçün bu 60 saata qədər uzanır.

İqtisadçılar Rusiyada daxili əmək miqrasiyasının zəif olduğunu söyləyirlər. Bu isə o deməkdir ki, pandemiya bitənədək Rusiyada işçi qüvvəsi çatışmazlığı davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR