Tbilisidə Heydər Əliyevin anım günü qeyd edilib - FOTO

Tbilisidə Heydər Əliyevin anım günü qeyd edilib - FOTO
# 12 dekabr 2019 12:55 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edilib.

APA-nın yerli bürosu xəbər verir ki, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov və səfirliyin əməkdaşları, Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Savalan Mirzəyev, Ruslan Hacıyev, “SOCAR Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov, Gürcüstanda fəaliyyət göstərən azərbaycanlı iş adamları və yerli azərbaycanlı icmasının nümayəndələri səhər saatlarında Ümummilli Liderin Tbilisidə yerləşən büstünün önünə əklil və gül dəstələri düzüblər.

Daha sonra Gürcüstanın Milli Parlament Kitabxanasında Heydər Əliyevə həsr edilmiş konfrans keçirilib. Konfransda əvvəlcə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycanın Gürcüstandakı səfiri D. Həsənov çıxış edərək bildirib ki, bu gün bütün Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin xatirəsini yad edir.

“Dünya azərbaycanlılarının və bütün türk dünyasının liderlərindən olan Heydər Əliyev Azərbaycan xalqının tarixində dərin iz qoyub. “Əsrin müqaviləsi”nin imzalanması, yeni Konstitusiyanın hazırlanması kimi nailiyyətlərinə görə onun adı haqlı olaraq müstəqil Azərbaycan Respublikasının adı ilə birgə çəkilir. Heydər Əliyev uğurlu neft strategiyası ilə Azərbaycanı qısa müddətdə çiçəklənən bir dövlətə çevirməklə dünyanın aparıcı liderlərinin rəğbətini qazanıb”, - deyə səfir qeyd edib.

Səfir H. Əliyevin Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında xüsusi rolu olduğunu bildirib: ““Əsrin müqaviləsi”nin imzalanması zamanı Heydər Əliyevin mühüm enerji layihələrinin Gürcüstan ərazisində keçməsini təklif etməsi onun Gürcüstanla əlaqələrə verdiyi önəmin göstəricisidir”.

Daha sonra çıxış edən Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Fatma Ceren Yazqan bildirib ki, 1990-cı illərdə Türkiyə Prezidenti Süleyman Dəmirəl və Azərbaycan Prezidenti Heydər Əliyev ölkələr və xalqlar arasında qardaşlıq bağlarını yenidən canlandırıblar: “1990-cı illərdə Türkiyə Cümhuriyyəti Prezidenti Dəmirəl və Azərbaycan prezidenti Heydər Əliyev qardaşlıq bağlarını yenidən canlandırdılar və bu bağları Gürcüstanla bərabər çox sıx düyünə çevirdilər. 1998-ci ildə hörmətli S. Dəmirəl mərhum Prezident Heydər Əliyevlə görüşü zamanı bildirdi ki, demokratik Azərbaycanın modeli Türkiyədir. Heydər Əliyev kimi bacarıqlı lider olmasaydı, Azərbaycanda daxili sabitliyi təmin etmək çətin olardı. Bu görüşdən 21 il sonra Azərbaycanın Heydər Əliyevin istədiyi yolda inkişaf etdiyini, iqtisadi potensialını dünyaya göstərdiyini və daxili sabitliyini gücləndirdiyini görürük. Bu, böyük liderin mirasıdır”

Çıxış edən Gürcüstan Patriarxlığının nümayəndəsi Giorgi Zviadadze isə bildirib ki, Heydər Əliyevin gördüyü işlər yalnız Azərbaycan xalqının deyil, region xalqlarının da rifahının yüksəldilməsi, bölgədə sülhün qorunması və gücləndirilməsində böyük rol oynayıb. O, SOCAR-ın Gürcüstanda humanitar sahədəki fəaliyyətinin xalqlar arasında dostluq bağlarının gücləndirilməsinə töhfə verdiyini qeyd edib.

Konfransda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Gürcüstan əlaqələrinə verdiyi töhfələrdən bəhs edən “Dostluq əhdi” adlı sənədli film nümayiş etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR