Umayra Tağıyeva: "Paytaxtda intensiv yağıntılı günlərin sayı artıb"

Umayra Tağıyeva: "Paytaxtda intensiv yağıntılı günlərin sayı artıb"
# 25 iyun 2020 14:00 (UTC +04:00)

“Çoxilik müşahidələrə və statistik təhlillərə, o cümlədən müxtəlif iqlim ssenarilərinə, rəqəmsal proqnoz modellərinin məlumatlarına əsaslanaraq alimlərin iqlim dəyişmələri haqqında verdiyi proqnozlar bütün təzahürləri ilə əhali tərəfindən hiss olunmağa başlayıb”.

APA-nın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəhbəri Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, tək iqlimin istiləşməsi müşahidə edilmir: “Eyni zamanda, rekordları təzələyən dağıdıcı sel və daşqınların, bir çox risklər yaradan görünməmiş leysan yağışların, ən güclü quraqlıq hadisələrinin, indiyə qədər qeyd olunmayan davamlı isti hava dalğalarının şahidi olmaqla, ekstremal meteoroloji hadisələrinin də artdığını görürük. Hazırda şimal yarımkürəsində hökm sürən anomal istilər fonunda qəfil İstanbula yağan leysan yağış nəticəsində şəhərin yarısını yağış suları basıb”.

O, son illərin intensiv yağıntılarına görə Bakı şəhərində tendensiyanı da cavablandırıb. U. Tağıyevanın sözlərinə görə, çoxillik məlumatların təhlilinin nəticələri göstərir ki, ölkənin əksər rayonlarında yağıntının miqdarının ümumi azalması fonunda, paytaxtda son onilliklərdə intensiv yağıntılı günlərin sayının artmasının tendensiyası müşahidə olunur: "Belə ki, 1992-ci ildən 2019-cu ilə qədər olan dövrdə 5 mm və 10 mm-dən çox olan yağıntı günlərinin sayı orta hesabla 7 gün, 15 mm-dən çox yağıntı günlərinin sayı isə 5 günədək artıb. Yeri gəlmişkən, müqaisə üçün qeyd etməliyik ki, Bakı şəhərində iyun ayı üzrə yağıntı norması 10 mm, iyul ayı üzrə isə ondan da az, 2 - 3 mm təşkil edir. Buna görə də əgər iyun ayında, bir gün ərzində 10 mm yağıntı düşərsə, bu, artıq bir aylıq norma səviyyəsində yağıntının düşməsi deməkdir. Bu, öz növbəsində müəyyən fəsadlar yarada bilər ki, ona da hazır olmalıyıq".

U. Tağıyeva deyib ki, İstanbuldakına bənzər baş vermiş leysan yağışlarından heç bir ərazi sığortalanmayıb: "Maddi-texniki imkanların əhəmiyyətli dərəcədə yaxşılaşmasına baxmayaraq (20 il bundan əvvəl sinoptiklərin hansı avadanlıqlardan istifadə etdikləri yadıma düşür), belə hava hadisələrini proqnozlaşdırmaq getdikcə çətinləşir. Qeyri-ixtiyari belə bir sual ortaya çıxır: bu, iqlim dəyişmələridir, yoxsa, bunu “yeni iqlim” kimi adlandırmaq daha düzgün olar”?

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR