Basketbolçu Brittni Qrayner ABŞ-a, biznesmen Viktor But isə Rusiyaya qaytarılıb

Basketbolçu Brittni Qrayner ABŞ-a, biznesmen Viktor But isə Rusiyaya qaytarılıb
# 08 dekabr 2022 17:27 (UTC +04:00)

ABŞ-da 25 il həbs cəzasına məhkum edilmiş Rusiya biznesmeni Viktor But bu gün ölkəsinə qaytarılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“BƏƏ-nin paytaxtı Əbu-Dabi hava limanında rusiyalı Viktor Butla ABŞ vətəndaşı Brittni Qraynerin dəyişdirilməsi prosesi uğurla başa çatıb”, - nazirlik əlavə edib.

Nazirlikdən bildirilib ki, rəsmi Vaşinqton Viktor Butun Rusiya ilə mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina edib: “Artıq uzun müddətdir ki, Rusiya Federasiyası ABŞ-la Viktor Butun azad edilməsi ilə bağlı danışıqlar aparır. Rəsmi Vaşinqtonun Rusiyanın Butun mübadilə sxeminə daxil edilməsi ilə bağlı dialoqdan qəti şəkildə imtina etməsinə baxmayaraq, Rusiya soydaşımız Viktor Butun azad edilməsi üçün işləri fəal şəkildə davam etdirib”, - nazirlik vurğulayıb.

ABŞ Prezidenti Co Bayden isə "Twitter" hesabında Brittni Qrayner ilə telefonla danışdığını, onun yaxşı olduğunu, təyyarə ilə evə qayıtdığını vurğulayıb.

Xatırladaq ki, Viktor But Amerika vətəndaşlarının qətli məqsədi ilə sözləşmə hazırlamaqda və terrorizmə maddi dəstək verməkdə ittiham olunub. O, Amerika xüsusi xidmət orqanlarının əməliyyatı nəticəsində 2008-ci ilin martında Banqkokda həbs olunub və ABŞ-a gətirilərək 25 il həbs cəzasına məhkum edilib.

ABŞ basketbol yığmasının heyətində iki dəfə olimpiya çempionu olan Brittni Qrayner barəsində isə Rusiyanın Ximki Şəhər Məhkəməsi tərəfindən həşiş yağının qaçaqmalçılığı ittihamı ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 illik həbs və 1 milyon Rusiya rublu cərimələnməsi qərarı verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR