Ceyhun Məmmədov: Paşinyanın addımları KTMT və Rusiyaya qarşı təhqir idi

Ceyhun Məmmədov, Milli Məclisin deputatı

© APA | Ceyhun Məmmədov, Milli Məclisin deputatı

# 23 noyabr 2022 17:29 (UTC +04:00)

“Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra Ermənistan qərbpərəst siyasət yürütməyə başladı, Rusiyanın maraqlarına arxa çevirdi, beləliklə, Ermənistan-Rusiya münasibətlərində ciddi soyuqluq və ziddiyyətlər yarandı”.

Bunu APA-ya açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, Nikol Paşinyan hakimiyyətə gələndən dərhal sonra ilk təxribat xarakterli tədbirlərdən birini məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı həyata keçirdi, təşkilatın baş katibi Yuri Xaçaturova qarşı cinayət işi qaldırdı, KTMT-nin fəaliyyətini uzun müddət iflic vəziyyətinə saldı: “Bu addım KTMT və ilk növbədə Rusiyaya qarşı təhqir idi. Eyni zamanda Ermənistan KTMT-nin əsaslarının sarsıdılmasına yönəlmiş addımlar atdı, Rusiya silah sistemlərinin bütün texniki xarakteristikaları, Rusiya döyüş planları, döyüş hazırlığı və hərbi əməliyyatların aparılması metodologiyası Qərbə ötürüldü. Rusiya hərbi təhsil müəssisələrində təhsil alan erməni zabitlərin bütün təhsil materiallarını və onlarla birgə təhsil alan rus hərbçilərinin şəxsi məlumatları belə Qərbə ötürüldü. Reallıq ondan ibarətdir ki, bu gün KTMT-yə üz olan ölkələr Azərbaycanla ikitərəfli qaydada yüksək səviyyəli münasibətlərə malikdirlər. Ermənistanın əsassız iddiaları, böyük ambisiyaları naminə heç bir ölkə Azərbaycanla münasibətlərini korlamaq niyyətində deyil”.

Deputat qeyd edib ki, Ermənistanın Rusiyanın maraqlarına zidd olaraq öz ərazisinə Avropa İttifaqı və ATƏT missiyalarını dəvət etməsi Rusiyaya qarşı inamsızlığın və saymamazlığın göstəricisidir: “Bu gün Rusiya hərbi bazalarının ölkədən çıxarılması üçün də Ermənistanda fəal iş aparılır. Hakimiyyət tərəfindən ictimai rəy Rusiyaya qarşı yönəldilib. Son zamanlar Ermənistanda Rusiyaya qarşı etiraz aksiyalarının geniş vüsət alması, ekspertlərin Rusiyaya qarşı sərt çıxışları hakimiyyətin rusofob xarakterindən irəli gəlir və anti-Rusiya fəaliyyətinin nəticəsidir. KTMT sammiti ərəfəsində keçirilmiş anti-Rusiya xarakterli mitinq də bunu təsdiq edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR