Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar açıqlanıb

Donbasda vurulan Malayziya təyyarəsi ilə bağlı qərar açıqlanıb
# 17 noyabr 2022 19:06 (UTC +04:00)

Niderland məhkəməsi 2014-cü ilin iyulunda Ukraynada hərbi münaqişə zamanı Donetsk vilayətində vurulan sərnişin təyyarəsi ilə bağlı qərarını açıqlayıb.

APA xəbər verir ki, hakim Hendrik Steenhuis dinləmə zamanı məhkəmənin Malayziya Hava Yollarına məxsus MH17 nömrəli sərnişin təyyarəsinin Rusiya istehsalı raketlə vurulduğunu təsdiqlədiyini bildirib:

“Məhkəmə MH17-nin Pervomaysk yaxınlığındakı ferma sahəsindən BUK raketi ilə vurulması, nəticədə 283 sərnişin və 15 ekipaj üzvünün həlak olması qənaətindədir”.

Məhkəmə “DXR” separatçılarının keçmiş rəhbəri İqor Qirkini və onun tabeliyində olan Sergey Dubinski və Leonid Xarçenko barədə qiyabi ömürlük həbs cəzası verib.

Eyni zamanda, ittiham olunan 4-cü şəxs – Oleq Bulatovun dəlil yetərsizliyindən təqsirinin sübuta yetirilmədiyi vurğulanıb.

Təqsirləndirilənlərdən heç biri 2020-ci ilin martından bəri keçirilən məhkəmə prosesində iştirak etməyib. Onların hökmə uyğun olaraq məsuliyyətə cəlb edilib-edilməyəcəyi məlum deyil.

Məhkəmə eyni zamanda MH17 reysində həlak olan 298 nəfərin ailə üzvlərinə kompensasiya verilməsi barədə də hökm çıxarıb.

Qeyd edək ki, Amsterdam-Kuala Lumpur reysi ilə uçan təyyarənin vurulması zamanı həlak olanlardan 196-sı Niderland, qalanları isə 16 müxtəlif ölkənin vətəndaşları olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR