Ermənistan parlamentinin sədri məhkəmədə dindirilib

Alen Simonyan

© APA | Alen Simonyan

# 16 yanvar 2023 14:14 (UTC +04:00)

Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün İrəvan məhkəməsində zərərçəkmiş qismində dindirilib.

APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Simonyan Ermənstan Polisi rəisinin sabiq müavini Levon Yeranosyana qarşı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilib.

Hakim Arutyun Manukyanın sədrlik etdiyi məhkəmə iclasında Yeranosyanın özü də iştirak edib.

Dindirilmə zamanı Simonyan 2018-ci ildə etiraz aksiyaları zamanı necə xəsarət alması barədə danışıb: “Mən Baqramyan küçəsinin sol tərəfində, tikanlı məftillərin qarşısında dayanmışdım. Tikanlı məftilin üstündə polis dəbilqəsini görüb onu götürmək istədim və bu zaman polislərdən biri qolumdan vurdu. Bu vaxt partlayış baş verdi”.

Yeranosyanın vəkili Tiqran Səfəryan isə məhkəmə iclasında çıxışı zamanı bildirib ki, Simonyanın ibtidai istintaqa verdiyi ifadə ilə bugünkü ifadəsi ciddi şəkildə fərqlənir.

Növbəti məhkəmə iclasının aprelin 6-da saat 15:00-da keçirilməsinə dair qərar verilib.

Qeyd edək ki, Levon Yeranosyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.

Xatırladaq ki, 2018-ci il aprelin 16 və 22-də İrəvanda etiraz aksiyaları keçirilib və aksiyalar zamanı nümayişçilərə qarşı “Zarya” səs qumbaralarından istifadə edilib ki, bunun da nəticəsində 20-dən çox vətəndaş yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR