Ermənistanın Mədəniyyət Nazirliyi İsanın heykəlinin qoyulması işlərinin dayandırılmasını tələb edir

İrəvan şəhəri

© APA | İrəvan şəhəri

# 11 iyul 2022 11:32 (UTC +04:00)

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi biznesmen və siyasətçi Qaqik Sarukyandan Atis dağında İsa Peyğəmbərin heykəlinin qoyulması işlərinin dayandırılmasını tələb edib.

APA “Sputnik Armenia” saytına istinadən xəbər verir ki, nazirlik bunu tikinti layihəsinin öyrənilməsi ilə əsaslandırıb.

Nazirliyin məlumatında bildirilir ki, dağın zirvəsində tunc və dəmir dövrünə aid şəhər-qalanın qalıqları qalmış ola bilər.

Qeyd edək ki, Q. Sarukyan bu ilin yanvarında Ermənistanda İsanın heykəlini ucaldacağını bəyan edib. O, heykəlin hündürlüyünün İsanın yaşadığı ömrə uyğun 33 metr olacağını bildirib.

İyulun 9-da biznesmen işlərə start verildiyini açıqlayıb. Təməlqoyma mərasimində iqtisadiyyat naziri Vaan Kerobyan da iştirak edib.

Mədəniyyət Nazirliyindən isə bildirilib ki, “Qaqik Sarukyan” fondu bu ilin fevralında nazirliyə müvafiq məktub göndərsə də, tikinti layihəsini təqdim etməyib. Nazirliyin məlumatında o da qeyd olunur ki, Atis dağının ətəklərində müxtəlif dövrlərə aid, dövlət reyestrinə daxil edilmiş 20-dək tarix və mədəniyyət abidəsi var.

“İdeyanı monumental və məqbul hesab etsək də, layihə təqdim olunana və öyrənilənə qədər işlərin dayandırılmasını tələb edirik”, - deyə məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR