Kreml Moskvaya PUA hücumuna münasibət bildirib

Kreml Moskvaya PUA hücumuna münasibət bildirib
# 30 may 2023 14:06 (UTC +04:00)

Dronların Moskvaya hücumu Kiyevin Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirməsinə cavabdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, mayın 28-də Rusiya Federasiyası Ukraynadakı qərar qəbuletmə mərkəzlərindən birinə zərbə endirib.

Kreml sözçüsü Moskva regionuna PUA hücumunun arxasında Kiyev rejimi dayandığına əmin olduğunu söyləyib.

Peskov onu da qeyd edib ki, hazırda Moskva şəhəri və Moskva vilayətinin sakinləri üçün heç bir təhlükə yoxdur.

O, Moskvaya hücum edən PUA-ların haradan buraxıldığı barədə məlumatın olmadığını da bildirib.

"Rusiyanın bütün müvafiq qurumları Moskva və Moskva vilayətinə dronlarla hücum olunarkən səmərəli fəaliyyət göstərdilər, hava hücumundan müdafiə sistemi də yaxşı işləyirdi", deyə Peskov vurğulayıb.

Kremlin sözçüsü prezident Vladimir Putinin Moskvaya dron hücumu ilə bağlı Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Moskva merindən real vaxt rejimində məlumat aldığını da əlavə edib.

Peskov Putinin Moskva və Moskva vilayətində PUA hücumundan sonra xüsusi müraciət etməyi planlaşdırmadığını da qeyd edib: "Bu hücum xüsusi əməliyyatın davam etdirilməsi və qarşıya qoyulan məqsədlərə nail olunmasının zəruriliyini təsdiq edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR