Kreml Türkiyənin Ukraynaya kassetli sursatlar tədarük etməsi barədə xəbərə şübhə edir

Dmitri Peskov

© APA | Dmitri Peskov

# 11 yanvar 2023 13:44 (UTC +04:00)

Türkiyənin Ukraynaya kassetli sursatlar tədarük etməyə başlaması ilə bağlı xəbərlərin etibarlılığından danışmaq çətindir.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Rusiya və Türkiyənin tərəfdaş olduğunu xatırladaraq Kremlin vəziyyəti izlədiyini söyləyib.

“Burada, əlbəttə ki, bu məlumatın etibarlılığından danışmaq çətindir. Bilirsiniz ki, etibarlı və doğru məlumatlardan daha çox feyklər var. Ona görə də, sözsüz ki, biz bütün bunları diqqətlə izləyirik", - Kremlin sözçüsü vurğulayıb.

Peskov Türkiyənin Ukraynaya “Bayraktar” pilotsuz uçuş aparatları tədarük etdiyini xatırladıb və Türkiyənin NATO üzvü kimi öz öhdəliklərinin olduğunu qeyd edib: “Eyni zamanda, bizi Türkiyə ilə qarşılıqlı faydaya, anlaşmaya, hörmətə və ən çətin problemləri müzakirə etmək üçün qarşılıqlı hazırlığa əsaslanan tərəfdaşlıq münasibətləri birləşdirir”.

Qeyd edək ki, "Foreign Policy" ABŞ və Aİ nümayəndələrinə istinadən Türkiyənin 2022-ci ilin noyabr ayından Ukraynaya Amerika tipli kassetli sursatlar tədarük etdiyini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR