Lavrov HƏMAS lideri ilə Yerusəlimdəki gərginliyi müzakirə edib

Lavrov HƏMAS lideri ilə Yerusəlimdəki gərginliyi müzakirə edib
# 21 aprel 2022 15:47 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Fələstin HƏMAS hərəkatının Siyasi Bürosunun sədri İsmayıl Xaniyə arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Fələstin tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Fələstin-İsrail münaqişəsi zonasında yaranan vəziyyət müzakirə edilib, Yerusəlimdə Əl-Əqsa məscidi kompleksi ətrafında gərginliyin davam etməsi təhlükəsi vurğulanıb.

Eyni zamanda, müqəddəs yerlərdə status-kvonunun pozulmasının yolverilməzliyi, vəziyyətin daha da pisləşməsinin və lokal toqquşmaların genişmiqyaslı hərbi qarşıdurmaya çevrilməsinin qarşısının alınmasının zəruriliyi qeyd edilib.

Sergey Lavrov təsdiqləyib ki, Rusiya tərəfi Fələstin-İsrail danışıqlar prosesinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasda qurulması maraqları naminə fəal səylərini davam etdirəcək. Onun yekun məqsədi 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olmaqla, İsraillə sülh və təhlükəsizlik şəraitində yaşayan müstəqil Fələstin dövlətinin yaradılmasıdır.

Fələstin Azadlıq Təşkilatının siyasi platformasında, o cümlədən Rusiya diplomatiyasının vasitəçiliyi ilə Fələstin daxilində birliyin tezliklə bərpası vəzifəsi də əsaslı şəkildə nəzərdən keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR