Marneuli və Bolnisidə irimiqyaslı su təchizatı və kanalizasiya layihəsinə start verilib

Marneuli və Bolnisidə irimiqyaslı su təchizatı və kanalizasiya layihəsinə start verilib
# 07 noyabr 2019 13:06 (UTC +04:00)

Gürcüstanda Azərbaycanlıların kompakt yaşadığı Marneuli və Bolnisi rayonlarında irimiqyaslı su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın Regional İnkişaf və İnfrastruktur nazirliyindən verilən məlumata görə, bölgələrdə davam edən infrastruktur layihələrinin monitorinqi çərçivəsində nazir müavini İlia Beqiaşvili Marneuli və Bolnisidə həyata keçirilən layihələrin gedişi ilə tanış olub. Tikintini həyata keçirən "Akelik Group" adlı Azərbaycan şirkətinin nümayəndələri nazir müavininə tikinti işlərinin gedişi barədə ətraflı məlumat verib. Nazir müavini qeyd edib ki, bu layihələr Gürcüstanda bu sahədə həyata keçirilən ən irimiqyaslı layihələrdəndir.

“Belə genişmiqyaslı layihə Gürcüstanda həyata keçirilməyib. Layihə başa çatdıqdan sonra bu infrastrukturdan faydalanacaq böyük bir əhali də var. Podratçı şirkətin nümayəndələri ilə görüşümüz oldu, tikinti işlərinin tempini saxlamaq üçün bu cür görüşlər tez-tez baş tutacaq ", - deyə İlia Beqiaşvili bildirib.

Layihə çərçivəsində nasos stansiyalarının və su anbarlarının inşası, magistral və daxili şəbəkələrin quraşdırılması, köhnəlmiş boruların yeniləri ilə əvəzlənməsi işləri aparılır. Bundan başqa kanalizasiya kollektorunun təşkili və kanalizasiya nasos stansiyasının tikintisi də həyata keçiriləcək.

Layihənin 2021-ci ilin yazında başa çatacağı bildirilir. Ümumi dəyəri 150 milyon lari olan layihə Asiya İnkişaf Bankı (AİB) tərəfindən maliyyələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR