Moskvada 28 May-Müstəqillik Günü qeyd olunub

Moskvada 28 May-Müstəqillik Günü qeyd olunub
# 28 may 2022 11:32 (UTC +04:00)

Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təntənəli mərasim keçirilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Azərbaycanın Rusiyadakı səfirliyində keçirilən mərasimində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Rusiya Liberal Partiyasının sədri, Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski, xarici ölkələrin Rusiyadakı səfirləri və hərbi attaşeləri, iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan səfiri Polad Bülbüloğlu 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının xalqın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək İstiqlal Bəyannaməsini imzaladığını xatırladıb: “Qısa müddətdə parlament, hökumət yaradıldı, dövlət atributları - bayraq, himn təsis edildi, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirildi və respublikanın beynəlxalq münasibətlərin subyekti kimi tanınması istiqamətində addımlar atıldı. Cəmi 23 ay ömrü olan Azərbaycan Xalq Cümhuriyyəti bütün müsəlman Şərqində demokratik ənənələrin formalaşmasına mühüm təsir göstərdi. Parlamentdə Azərbaycan ərazisində yaşayan bütün millətlər və xalqlar təmsil olunurdu. İlk dəfə qadınlara səsvermə hüququ verildi, Bakı Dövlət Universiteti açıldı”.

Səfir müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının ümummilli lider, Azərbaycan xalqının görkəmli xadimi Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyib: “Onun zəngin siyasi irsi xalqımızın tükənməz mənəvi irsidir. Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsindən sonra Azərbaycanın ümumi çoxəsrlik tarixi və çoxsaylı dostluq telləri ilə bağlı olduğu Rusiya Federasiyası ilə sağlam və proqnozlaşdırıla bilən münasibətlərin formalaşdırılması istiqamətində ciddi və uğurlu addımlar atılmış oldu. 30 il bundan əvvəl, 1992-ci il aprelin 4-də Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulması haqqında Protokol imzalandı. Məhz bu tarixdən ölkələrimiz arasında tarixin yeni səhifəsi açılır.

Sevindirici haldır ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü həm Moskvada, həm də Bakıda geniş qeyd olundu. Moskvada dünya səviyyəli ulduzların çıxış etdiyi “Azərbaycanın musiqi ulduzları Moskva səhnəsində” adlı konsert keçirilib. TASS-ın binası qarşısında sərgi təşkil olundu, bir neçə gün ərzində minlərlə moskvalı Azərbaycanın nailiyyətləri ilə tanış ola bildi. VDNX-da “Azərbaycan xalçası. Yeni Baxış" adlı sərgi keçirildi. Tretyakov Qalereyasında görkəmli rəssam Tahir Salahovun əsərləri nümayiş olundu. Novıy Arbatdakı kitab binaları isə Azərbaycan Respublikasının və Rusiya Federasiyasının dövlət bayraqlarının rənglərinə boyandı”.

Polad Bülbüloğlu Azərbaycan Prezidenti İlham Əliyevin dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsində çox böyük rolu olduğunu qeyd edib: "Ölkələrimizin liderləri arasında müntəzəm görüşlər, etimad münasibətləri siyasi əhəmiyyət kəsb edən ən mühüm amildir və bu, Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrinə mühüm təkan verir.

Ən yüksək səviyyədə daimi siyasi dialoq, ölkələrimizin Xarici İşlər nazirlikləri arasında sıx əməkdaşlıq sayəsində, son onilliklər ərzində Azərbaycan-Rusiya əməkdaşlığı nəzərəçarpacaq dərəcədə möhkəmlənmiş və genişlənmiş, iqtisadi və humanitar sahələrdə bir çox konkret qarşılıqlı faydalı layihələrlə zəngin olmuşdur. Prezident İlham Əliyevin Moskvaya rəsmi səfəri çərçivəsində Azərbaycan və Rusiya arasında 2022-ci ilin fevralında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanması ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etməsi olduqca simvolik məna daşıyırdı. Azərbaycan-Rusiya münasibətlərinin keyfiyyətcə yeni müttəfiqlik müstəvisinə keçidini qeyd edən bu hərtərəfli sənəd, kifayət qədər böyük ikitərəfli hüquqi bazanın kvintessensiyasıdır”.

Diplomat onu da qeyd edib ki, ötən gün Vladimir Putinin İlham Əliyevə göndərdiyi təbrikdə bu bəyannamənin əhəmiyyəti xüsusilə vurğulanıb: “Fevralda imzalanmış Bəyannamə, şübhəsiz ki, bütün sahələrdə ikitərəfli əlaqələrin keyfiyyətcə genişlənməsinə töhfə verəcək. Hansı ki, bu, dost xalqlarımızın maraqlarına tam cavab verir”.

Mərasimdə çıxış edən Rusiya XİN başçısının müavini Andrey Rudenko müstəqillik illərində Azərbaycan böyük və şərəfli yol keçdiyini, bu müddətdə çox işlər görüldüyünü, ölkənin tamamilə dəyişdiyini qeyd edib. Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən rusiyalı diplomat iki ölkə arasında bu il Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin imzalandığını xatırladıb: “Bu il diplomatik münasibətlərimizin 30 illiyi tamam olur. Müttəfiq dövlətimizə, Azərbaycan xalqına ən yaxşısını - sülh və firavanlıq arzulayırıq. Bu, bizim dövrümüzdə ən əsas şeydir”.

Tədbirdə çıxış edən Rusiya Liberal Partiyasının yeni seçilmiş lideri Leonid Slutski uzun illər ərzində Azərbaycanla dostluq etdiyinə görə şad olduğunu söyləyib. Azərbaycan Prezidenti İlham Əliyevin öz atasının, müasir Azərbaycanın qurucusu nəhəng dövlət xadimi Heydər Əliyevin işini davam etdiyini vurğulayıb: “İlham Əliyev öz ölkəsi üçün heyrətamiz uğurlar əldə edib. O, Azərbaycanı enerji asılılığı olmayan ölkəyə çevirib. Mən Azərbaycan xalqını Müstəqillik günü bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqı bizə yaxındır. Azərbaycan bizim bütün istiqamətlərdə əməkdaşlığımızı möhkəmləndirməyə davam etdirdiyimiz ölkədir. Bizim az belə etibarlı tərəfdaşımız var. Düşünürəm ki, tərəfdaşlığımız bütün istiqamətlərdə böyüməyə davam edəcək. Haradasa mübahisə edəcəyik, haradasa maraqlarımız üst-üstə düşməyəcək, bu normaldır. Azərbaycan suveren dövlətdir. Lakin biz yekunda uğura məhkumuq”.

Slutski səfir Polad Bülbüloğlunun Rusiyadakı diplomatik korpusun duayeni olmasını ölkəsinin yüksək qiymətləndirdiyini də qeyd edib: “Polad Bülbüloğlu dünyada tanınan əhəmiyyətli fiqurdur. Biz fəxr edirik ki, Moskvada səfirlik korpusunun belə duayeni var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR