Nazir: Ermənistanda doğum səviyyəsi kəskin azalıb

Nazir: Ermənistanda doğum səviyyəsi kəskin azalıb
# 04 noyabr 2022 14:29 (UTC +04:00)

Ermənistanda 2022-ci ildə gözlənilən 37 min doğuş qarşılığında, 2023-cü ildə bu rəqəm 36 minə düşəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın əmək və sosial müdafiə naziri Narek Mkrtçyan parlamentdə dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, bu proqnoz 44 günlük müharibənin nəticələrinə əsaslanaraq tərtib olunub.

O, dünya təcrübəsində hərbi münaqişələrdən sonra, bir qayda olaraq, doğum səviyyəsində artım qeydə alındığını, sonradan isə müəyyən azalmaların baş verdiyini deyib.

Narek Mkrtçyan doğum səviyyəsinin artırılması üçün bir sıra dövlət tədbirləri - yaşayış sahəsinin əlçatan olması, uşaqlar doğulan zaman birdəfəlik müavinətlər, onların ehtiyaclarının ödənilməsi üçün aylıq ödənişlər və s. həyata keçirilməli olduğunu deyib.

“Strategiya işlənib hazırlanandan sonra bizim bu istiqamətdə dəqiq proqramımız və siyasətimiz olacaq”, – nazir vurğulayıb.

Ermənistanın əmək və sosial müdafiə nazirinin müavini David Xaçatryan isə bildirib ki, erməni ailələrində birinci və ikinci uşaqların doğum sayı azalıb, üçüncü və dördüncü uşaqların doğum sayı isə artıb.

Nazir müavini qeyd edib ki, doğum səviyyəsində xeyli azalma müşahidə olunur: “2021-ci birinci yarısında doğum səviyyəsi 2020-ci ilin analoji dövrü ilə müqayisədə 8-9 faiz artmışdı, lakin ümumi illik göstərici cəmi 0.4 faiz olub və bu çox pis nəticədir. Bu isə o deməkdir ki, 44 günlük müharibədən sonra Ermənistanda doğum səviyyəsi kəskin azalıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR