Özbəkistan polisi Qaraqalpaqda qanunsuz aksiyanın qarşısını alıb

Özbəkistan polisi Qaraqalpaqda qanunsuz aksiyanın qarşısını alıb
# 01 iyul 2022 23:35 (UTC +04:00)

Özbəkistan Daxili İşlər Nazirliyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərində qanunsuz aksiyanın qarşısının alınması ilə bağlı məlumat yayıb.

APA-nın xəbərinə görə, məlumatda artıq asayişin bərpa olunduğu bildirilir.

Məlumatda göstərilir ki, iyulun birində saat 15.00-dan başlayaraq Qaraqalpaqın bəzi sakinləri ölkədə keçirilən Konstitusiya islahatlarının yanlış təfsir edilməsi səbəbindən Nukus şəhərində yürüş təşkil ediblər. Bunun ardınca onlar kəndli bazarına yığışaraq qanunsuz nümayiş keçiriblər. İctimai asayişin bərpa olunması və qanun pozuntusunun qarşısını almaq üçün bazara hüquq-mühafizə orqanlarının şəxsi heyət və texnikası cəlb olunub. Hazırda şəhərdə ictimai asayiş bərpa olunub.

Nazirliyin məlumatında qeyd edilir ki, əhaliyə qanunun pozulmasının yolverilməzliyi izah olunub, həmçinin vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada baxılıb.

Qeyd edək ki, Qaraqalpaq Özbəkistanın tərkibində muxtar respublikadır. Ölkənin şərqində yerləşən muxtar qurum Özbəkistan ərazisinin 40%-ni əhatə edir. Özbək və qaraqalpaq dilləri muxtar respublikanın rəsmi dilləridir.

Çərşənbə günü keçirdiyi iclasda Özbəkistan Mərkəzi Seçki Komissiyası Konstitusiyaya düzəlişlə bağlı referenduma dair məsələni müzakirə edib. 1992-ci ildə qəbul edilmiş hazırkı Əsas Qanuna iki yüzədək dəyişiklik təklif edilib. Yeni layihəyə görə, Qaraqalpaqın referendum yolu ilə Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddə Konstitusiyadan çıxarılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR