Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru arasında qarşıdurma dərinləşir

Paşinyanla Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru arasında qarşıdurma dərinləşir
# 23 sentyabr 2019 14:13 (UTC +04:00)

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq direktoru Artur Vanetsyan Baş nazir Nikol Paşinyanın onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, o deyib ki, N. Paşinyan bilmədiyi məsələlərdən danışır.

“İstefama baxmayaraq, o hələ də mənim yanıma adamlar göndərib, bir müddət səssiz qalmağımı istəyir. Lakin mən görürəm ki, o növbəti dəfə razılaşmanı pozub başa düşülməyən və mahiyyətcə populist bəyənatlarla çıxış edir. Xatırlatmaq istəyirəm ki, sülh şəraitində ölkənin Baş naziri Silahlı Qüvvələrin Ali baş Komandanı sayılmır. Çox təəssüf ki, Paşinyan bu qədər irəli gedib. Zaman göstərəcək kim və yaxud nə zibil qutusunda olacaq”, - deyə A. Vanetsyan qeyd edib.

Qeyd edək ki, N. Paşinyan dünən Los Ancelesdə keçirdiyi mətbuat konfransında bildirib ki, A. Vanetsyan öz Ali Baş Komandanına qarşı çıxıb, bu isə zabit şərəfinə ləkədir. N. Paşinyan əlavə edib ki, A. Vanetsyan bununla da zabit poqonlarını zibil qutusuna atıb.

Xatırladaq ki, bir müddət əvvəl A. Vanetsyan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsindən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR