Peskov: “Gürcüstana uçuşların bərpa olunmasından danışmaq tezdir”

Peskov: “Gürcüstana uçuşların bərpa olunmasından danışmaq tezdir”
# 10 iyul 2019 13:37 (UTC +04:00)

“Kremldə əmindirlər ki, gec-tez Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatı bərpa olunacaq”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Gürcüstan arasında hava nəqliyyatının bərpa olunmasından danışmaq hələ tezdir: “Əlbəttə ki, uçuşların bərpa olunmasını istisna etmək olmaz. Ümid edirik ki, gec-tez bu baş verəcək. Lakin indi bu haqda danışmaq tezdir. Çünki, Gürcüstanda rusiyalılar üçün təhlükə qalmaqdadır”.

Kremlin sözçüsü Gürcüstana uçuşların qadağan edilməsinin tamamilə məcburi olduğunu da vurğulayıb: “Ölkədə vəziyyət daim monitorinq olunur. Oradakı vəziyyətin normallaşmasına dair əlamətlər yaranan kimi, bunu analiz etməyə və müvafiq qərarlar qəbul etməyə vaxt olacaq. Hələlik isə bu barədə danışmaq tezdir”.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

Rusiya Dövlət Duması hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılması və müvafiq təklifin prezidentə təqdim edilməsini tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR