Putin Ərdoğana Rusiyanın Ukrayna ilə bağlı dialoqa açıq olduğunu bildirib

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 05 yanvar 2023 15:08 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı iki ölkə arasında ticarət-iqtisadi, ilk növbədə enerji sektorunda əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.

Türkiyədə regional qaz qovşağının yaradılması və Akkuyu AES-in tikintisi kimi strateji əhəmiyyətli birgə layihələrin həyata keçirilməsinin prioritet əhəmiyyəti qeyd edilib.

“Ukrayna ətrafında vəziyyətə toxunulub. Rusiya tərəfindən Qərb dövlətlərinin Kiyev rejimini silah və hərbi texnika ilə təchiz edən, əməliyyat məlumatı və hədəf təyinatı ilə təmin edən destruktiv rolu vurğulanıb. Rəcəb Tayyib Ərdoğanın münaqişənin siyasi həlli üçün Türkiyənin vasitəçiliyinə hazır olması fonunda Vladimir Putin Rusiyanın ciddi dialoqa açıq olduğunu bir daha təsdiqləyib. Amma bir şərtlə ki, Kiyev hakimiyyəti məlum və dəfələrlə səsləndirilən tələblərə əməl etsin və yeni ərazilərlə bağlı reallıqları nəzərə alsın. Ukrayna taxılının ixracı və Rusiyadan ərzaq və gübrə tədarükünün dayandırılması ilə bağlı 22 iyul 2022-ci il tarixli İstanbul müqavilələrinin etibarlılığını nəzərdən keçirərkən, Rusiya ixracına bütün maneələrin aradan qaldırılmasını nəzərdə tutan dürüst kompleks yanaşmanın zəruriliyi qeyd edilib.

Tərəflər Suriyadakı böhranın nizamlanması perspektivlərinə də diqqət yetirib. 2022-ci ilin dekabrında Rusiya, Türkiyə və Suriyanın kəşfiyyat xidmətləri rəhbərlərinin iştirakı ilə Moskvada keçirilən müdafiə nazirlərinin görüşünə müsbət qiymət verilib. Belə üçtərəfli formatda təmasların inkişafının Suriya Ərəb Respublikasında vəziyyətin əsaslı şəkildə yaxşılaşdırılmasına, o cümlədən onun ərazi bütövlüyünün bərpasına, qaçqınlar probleminin həllinə və beynəlxalq terrorçu strukturlara qarşı mübarizə vəzifələrinin həllinə töhfə verəcəyinə ümid ifadə olunub”, - Kremlin məlumatında qeyd olunub.

Putin və Ərdoğan Yeni il münasibətilə bir-birini təbrik ediblər və müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR