Qazaxıstandakı iğtişaşlar uran bazarına təsir etməyib

Qazaxıstandakı iğtişaşlar uran bazarına təsir etməyib
# 09 yanvar 2022 05:11 (UTC +04:00)

Qazaxıstandakı ilin əvvəlindən başlayan qarşıdurmalar dünya uran bazarına təsir etməyib.

APA-nın xəbərinə görə, bu qənaətə baş ofisi Londonda yerləşən “CRU Consulting” şirkətinin əməkdaşları gəliblər.

Şirkət bildirir ki, uran mədənləri başlıca olaraq Türküstan vilayətində yerləşir ki, bura da qarşıdurmalardan kifayət qədər uzaq zonadır. Ölkədə hasil olunan uranın əsas müştərisi Çindir ki, bu ölkə də artıq kifayət qədər ehtiyat toplayıb. Təchizatda hansısa səbəbdən ləngimə baş versə belə, Çin müəssisələri bir neçə ay çətinlik hiss etməyəcək. Lakin yaxın günlərdə məhsulun ixracı ilə bağlı çətinlik yarana bilər. Çünki başlıca ixrac marşrutu Almatıdan keçir.

Statistikaya görə, Qazaxıstan uran ehtiyatlarına görə ikinci yerdə qərarlaşıb. Dünyada istehsal olunan bu radioaktiv metalın 40%-i Qazaxıstanın payına düşür. Kazatomprom 2019-cu ildə 13 291, 2020-ci ildə isə 10736 ton uran istehsal edib. 2021-ci ilin statistikası isə hələ hazır deyil. Bu ölkənin Avropadakı başlıca müştərisi Fransadır.

Hazırda Avropa birjalarında uranın 1 funtu (450 qram) 43.7 dollara təklif edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR