Rudenko: “Üçtərəfli razılaşmaların icrası Cənubi Qafqazın sabitlik və firavanlıq zonasına çevrilməsinin açarıdır”

Andrey Rudenko

© APA | Andrey Rudenko

# 28 may 2022 10:20 (UTC +04:00)

"Müstəqillik illərində Azərbaycan böyük və şərəfli yol keçib. Çox işlər görülüb. Ölkə tamamilə dəyişib”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycanın Müstəqillik Günü münasibəti ilə Rusiyadakı Səfirlikdə keçirilən tədbirdə jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edən rusiyalı diplomat iki ölkə arasında bu il Müttəfiqlik Əməkdaşlığı Bəyannaməsinin qəbul olunduğunu xatırladıb: “Bu il diplomatik münasibətlərimizin 30 illiyi tamam olur. Müttəfiq dövlətimizə, Azərbaycan xalqına ən yaxşısını, sülh və firavanlıq arzulayırıq. Bu, bizim dövrümüzdə ən əsas şeydir”.

Rudenko təntənəli mərasimdə çıxışında onu da vurğulayıb ki, Azərbaycan dinamik inkişaf edən, siyasi və iqtisadi sahədə heyrətamiz uğurlar qazanmış, respublikanın regional və beynəlxalq məsələlərdə nüfuzunu gücləndirən dövlətdir: "Bu gün respublikanın nailiyyətlərinin əsasını Heydər Əliyevin qoyduğunu xatırlamamaq mümkün deyil. Rusiyada bu müdrik dövlət və siyasət xadiminin xatirəsi dərin ehtiramla yad edilir, onun Rusiya ilə əlaqələrin möhkəmləndirilməsində xidmətləri yüksək qiymətləndirilir. Bu gün İlham Əliyevin və Azərbaycan rəhbərliyi onun kursunu ləyaqətlə davam etdirir. Rusiya və Azərbaycan prezidentləri arasında qarşılıqlı anlaşma və hörmət Rusiya və Azərbaycan xalqlarının mənafeyi naminə tərəfdaşlığımızın və mehriban qonşuluq münasibətlərimizin daha da möhkəmlənməsinin etibarlı təminatıdır”.

Rusiyalı diplomat Moskva və Bakının regional təhlükəsizliyin möhkəmləndirilməsi məsələsində sıx əməkdaşlıq etdiyinə diqqət çəkib: "Bu qarşılıqlı fəaliyyət 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli yüksək səviyyəli bəyanatlara əsaslanır. Bütün sazişlərin və razılaşmaların icrası Cənubi Qafqazın sabitlik və firavanlıq zonasına çevrilməsinin açarıdır. Əminəm ki, biz birgə səylərlə iki ölkə arasında müttəfiqlik və mehriban qonşuluq ruhunda çoxşaxəli əlaqələri daha da gücləndirəcəyik. Bu, dövlətlərimizin vətəndaşlarının maraqlara tam cavab verir, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün və təhlükəsizliyin möhkəmlənməsinə zəminində gedir. Azərbaycanda necə deyirlər, birlik olan yerdə həyat var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR