Rusiya Aİ-dən Kalininqrada tranzitin dərhal bərpasını tələb edib - YENİLƏNİB

Rusiya Aİ-dən Kalininqrada tranzitin dərhal bərpasını tələb edib - YENİLƏNİB
# 21 iyun 2022 14:23 (UTC +04:00)

İyunun 21-də Avropa İttifaqının Moskvadakı nümayəndəliyinin rəhbəri Markus Ederer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında yük tranzitinə birtərəfli anti-Rusiya məhdudiyyətlərinin tətbiq olunması ilə əlaqədar Avropa İttifaqının nümayəndəsinə kəskin etiraz edilib. Avropa İttifaqının müvafiq hüquqi və siyasi öhdəliklərini pozan və gərginliyin artmasına səbəb olan bu cür hərəkətlərin yolverilməzliyi diqqətə çatdırılıb. Kalininqrada tranzitinin dərhal normal fəaliyyətinin bərpasını tələb olunub. Əks halda cavab tədbirləri görüləcəyi bildirilib.

***

12:11

Avropa İttifaqının səfiri Markus Ederer Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, avropalı diplomat Litvanın Kalininqrad vilayətinə bir sıra malların tranzitini qadağan etmək qərarı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə gəlib.

Qeyd edək ki, Rusiya XİN dünən Litvaya xəbərdarlıq edib. Rəsmi Moskvanın xarici siyasət idarəsinin yaydığı bəyanatda Litva tərəfinin beynəlxalq hüququn öhdəlikləri, ilk növbədə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında tranzitlə bağlı Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci il tarixli Birgə Bəyanatını pozan təxribat xarakterli addımları açıq düşmənçilik kimi qiymətləndirilib. Qeyd olunub ki, əgər yaxın gələcəkdə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının digər əraziləri arasında Litva ərazisindən keçən yük tranziti tam həcmdə bərpa olunmazsa, o zaman Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR