Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirir

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirir
# 25 mart 2023 21:19 (UTC +04:00)

Rusiya Belarus ərazisində nüvə silahları yerləşdirir.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin "Rossiya1" kanalına müsahibəsində bildirib.

O, Belarus tərəfinin xahişi ilə Rusiyanın öz taktiki nüvə silahlarını Belarus ərazisində yerləşdirəcəyini söyləyib.

Putin qeyd edib ki, Aleksandr Lukaşenko uzun müddətdir ki, Belarus ərazisində Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini gündəmə gətirir: "Bunda qeyri-adi heç nə yoxdur. ABŞ onilliklərdir ki, bunu edir. Onlar uzun müddətdir ki, öz taktiki nüvə silahlarını Avropadakı müttəfiq ölkələrinin, NATO ölkələrinin ərazilərində yerləşdirirlər. Altı dövlətdə - Almaniya Federativ Respublikası, Türkiyə, Hollandiya, Belçika, İtaliya və Yunanıstanda nüvə silahı yerləşdirilib. Bəli, indi Yunanıstanda yoxdur, amma anbar var. Biz Belarusla razılaşdıq ki, biz də eyni şeyi edəcəyik. Biz bunu nüvə silahının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik", deyə Putin vurğulayıb.

Rusiya prezidenti ekipaj hazırlığı ilə bağlı belaruslu həmkarlara təyyarələrini yenidən təchiz etməkdə kömək etdiklərini söyləyib: "10 təyyarə bu tip (taktiki nüvə başlıqlı) silahlardan istifadə etməyə hazırdır. Biz artıq məşhur "İskəndər" kompleksimizi Belarusa vermişik, hansı ki, bu kompleks həm də taktiki nüvə başlıqlı raketlərin daşıyıcısı ola bilər. Aprelin 3-dən biz ekipajların hazırlığına başlayacağıq və iyulun 1-də Belarus ərazisində taktiki nüvə silahları üçün xüsusi anbarın tikintisini başa çatdırırıq. Beləliklə, Belarus prezidentinin verdiyi xahişləri, bununla bağlı qaldırdığı bütün məsələlər icra olunur və bizim bütün razılaşmalarımız çox yaxın vaxtlarda baş tutacaq", - deyə Rusiya lideri əlavə edib.

Eyni zamanda o vurğulayıb ki, Rusiya belə silahları ABŞ-ın müttəfiqlərinə vermədiyi kimi Belarusa da vermir. "Prinsipcə, biz onların onilliklər ərzində etdiklərini edirik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR