Rusiya məhkəməsi Böyük Vətən müharibəsi illərində Stavropoldakı qırğınları soyqırım kimi tanıyıb

Məhkəmə

© APA | Məhkəmə

# 20 yanvar 2023 12:07 (UTC +04:00)

Rusiyanın Stavropol Vilayət Məhkəməsi 1941-45-ci illərdə nasistlərin vəhşiliklərini soyqırım kimi tanıyıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, məhkəmənin qərarı ilə 1941-45-ci illərdə Stavropol diyarının ərazisində nasist işğalçı hakimiyyət orqanları və onların əlaltıları tərəfindən törədilmiş cinayətlər hərbi, insanlığa qarşı cinayətlər, habelə milli, etnik və irqi qruplara qarşı soyqırımı cinayəti kimi tanınıb.

Stavropol diyarının prokuroru Yuri Nemkin baş prokuror İqor Krasnovun tapşırığı ilə ərizə ilə müraciət edib. Prokurorluğun məlumatına görə, proses “Rusiya Federasiyasının milli maraqlarının, qeyri-müəyyən şəxslərin qanuni hüquq və mənafelərinin müdafiəsi”, habelə “sonradan dünya ictimaiyyətinə cinayət qurbanları haqqında məlumatların çatdırılması” məqsədilə başlanıb.

Baş Prokurorluğun hesablamalarına görə, 1942-ci ilin avqustundan 1943-cü ilin yanvarına qədər Stavropol diyarında alman işğalçı hakimiyyət orqanları və onların əlaltıları sovet vətəndaşlarını və hərbi əsirləri edam və amansız işgəncələrlə kütləvi şəkildə qətlə yetiriblər.

Nürnberq məhkəmələrində SSRİ-dən olan baş prokurorun köməkçisi Lev Smirnovun verdiyi məlumata görə, nasistlər Stavropol diyarında insanların kütləvi şəkildə öldürülməsi üçün ilk olaraq “qaz kameralarından” istifadə ediblər.

Qeyd edək ki, Stavropoldan əvvəl Rostov, Leninqrad, Oryol, Pskov, Bryansk vilayətləri və Krım məhkəməsi nasistlərin cinayətlərini soyqırımı aktı kimi tanıyıb.

Ötən il dekabrın sonunda Rusiya prezidenti Vladimir Putin Təhsil və Elm Nazirliyinə faşistlər tərəfindən sovet xalqının soyqırımı ilə bağlı materialların federal təhsil proqramlarına daxil edilməsi barədə göstəriş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR