Rusiya və Türkiyə ekspertlər səviyyəsində qaz qovşağının təhlükəsizliyinin təmin olunmasına aid məsələləri müzakirə edirlər.
APA xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Oleq Sıromolotov TASS-a müsahibəsində deyib.
Sıromolotov Rusiya-Türkiyə əməkdaşlığının ən uğurlu sahələrindən biri kimi enerji sahəsini adlandırıb.
Nazir müavini “Şimal axını” kəmərlərində baş verən partlayışlarla bağlı verilən sualı da cavablandırıb:
“Rusiya Prezidenti Vladimir Putinin Türkiyədə qaz qovşağı yaratmaq təşəbbüsü birgə səylərin nəticəsi oldu. Hazırda bu ideyanın həyata keçirilməsinin müxtəlif aspektləri, o cümlədən bəzi incə məsələlər ekspertlər səviyyəsində müzakirə olunur. Türk tərəfdaşlarımızın bu layihənin həyata keçirilməsində böyük marağını, ruh yüksəkliyini, konstruktiv yanaşması və birgə fəaliyyətə köklənmələrini böyük məmnunluq hissi ilə qarşılayırıq”.
Diplomat həmçinin əmin olduğunu bildirib ki, Moskva və Ankara birgə səylərin nəticəsində bütün yaranmış problemləri, o cümlədən mövcud və gələcək enerji obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələləri uğurla həll edə biləcəklər.