Rusiya və Türkiyə XİN rəhbərləri Putin-Ərdoğan görüşünə hazırlığı müzakirə edib

Ərdoğan, Putin

© APA | Ərdoğan, Putin

# 08 iyun 2022 13:57 (UTC +04:00)

“Rusiya-Türkiyə münasibətləri yetkin tərəfdaşlıq dövrünü yaşayır”.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Moskva-Ankara münasibətləri praqmatizmə, qarşılıqlı olaraq bir-birilərinin maraqlarının nəzərə alınmasına və mehriban qonşuluq prinsiplərinə əsaslanır: “Əlbəttə ki, bu münasibətlərə tonu prezidentlər verir. Onlar müntəzəm olaraq təmasdadırlar. Pandemiya ilə əlaqədar hələlik bu təmaslar telefon danışıqları çərçivəsində keçirilir. Təkcə, bu il ərzində onlar 9 dəfə telefonda danışıblar. Biz bu gün qarşıda duran müxtəlif səviyyəli təmasların qrafikini müzakirə etdik. Əlbəttə ki, Yüksək Səviyyədə Əməkdaşlıq Şurasının 9-cu iclası çərçivəsində prezidentlərin növbəti görüşünə hazırlığın necə getdiyini müzakirə etdik.

Türkiyəli həmkarımla ticarət, investisiya sahəsində işlərin necə getdiyindən danışdıq. İki ölkə arasında bu ilin birinci rübündə ticarət dövriyyəsinin həcmi iki dəfə artıb və təxminən 14 milyard dollara çatıb. Qarşılıqlı hesablaşmalarda milli valyutalara keçidin tətbiqi ilə bağlı bizim yaxşı perspektivlərimiz var. Bu proses artıq irəliləyiş mərhələsindədir. Perspektivdə biz Rusiyanın “Mir” ödəniş kartının Türkiyədə istifadəsini müzakirə edirik. Bu, Türkiyəyə Rusiyadan turist axınını pandemiyaya qədərki səviyyədə bərpa etməyə imkan verəcək. İldə Rusiyadan təxminən 7 milyon turist rekordu qeydə alınmışdı. Ötən il bu rəqəm təxminən 4 milyon olmuşdu. Bu rəqəmlər artmağa davam edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR