Rusiyada LGBT təbliğatına dair yeni maddə ilə ilk iş açılıb

Rusiyada LGBT təbliğatına dair yeni maddə ilə ilk iş açılıb
# 10 yanvar 2023 14:35 (UTC +04:00)

Rusiyada LGBT təbliğatına dair yeni maddə ilə ilk iş açılıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib.

Onun sözlərinə görə, Popcorn Books nəşriyyatının işində mümkün qanun pozuntuları müşahidə edilib.

Xinşteyn bildirib ki, LGBT təbliğatını qadağan edən qanunlar qüvvəyə minəndən sonra nəşriyyat üz qabığını Konstitusiyanın söz azadlığına və senzuranın qadağan olunmasına zəmanət verən 29-cu maddəsindən sitatlarla bəzəməyə başlayıb.

“Ümid edirəm ki, iş məhkəməyə veriləcək və dövlətə açıq etiraz edən “Popcorn Books” layiq olduğunu alacaq”, - deyə deputat qeyd edib.

"Popcorn Books" Moskvada yerləşən müstəqil kitab nəşriyyatıdır. Öz saytındakı təsvirdən göründüyü kimi, nəşriyyat "narahat" mövzulara toxunan kitablar nəşr edir: özünü tanıma problemləri, irqçilik və cinsiyyətçilik, öz bədəninə münasibət və s. Noyabrın ortalarında "Popcorn Books" müəlliflərdən əlyazmaların qəbulunu dayandırıb.

Qeyd edək ki, ötən ilin dekabrın 27-də Duma Rusiyada LGBT təbliğatını qadağan edən qanun layihəsini qəbul edib. Qanun qeyri-cinsi münasibətlərin, pedofiliyanın, o cümlədən LGBT haqqında məlumatın yayılmasına qadağanı əhatə edir. Bundan başqa, gənclər arasında cinsiyyətin dəyişdirilməsinə dair internet, KİV, kitablar, audiovizual xidmətlər, kino və reklam üzərindən çağırışlara da qadağa qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR