Rusiyada sayca altıncı “Azərbaycan nemətləri” stendi fəaliyyətə başlayıb - FOTO

Rusiyada sayca altıncı “Azərbaycan nemətləri” stendi fəaliyyətə başlayıb - FOTO
# 30 oktyabr 2022 15:53 (UTC +04:00)

Rusiyadakı ticarət nümayəndəliyimizin “Azərbaycan Ticarət Evi” layihəsi çərçivəsində Moskvanın ən böyük hipermarketlər şəbəkələrindən biri olan “Tvoy dom”da sayca altıncı “Azərbaycan nemətləri” stendinin açılışı olub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, tədbirdə çıxış edən “Azərbaycan Ticarət Evi” layihəsinin rəhbəri Aleksandra Zinatova Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin 2019-cu ildən Moskvanın “Tvoy dom” hipermarketlər şəbəkəsində “Azərbaycan nemətləri” stendini qurmağa başladığını söyləyib. Onun sözlərinə görə, Azərbaycan məhsullarının Rusiya bazarında təşviqini, azərbaycanlı ixracatçıların şimal qonşumuzun bazarına çıxışını təmin etmək böyük əhəmiyyət daşıyır: “Azərbaycanın Rusiyadakı ticarət nümayəndəliyi artıq üç ildən çoxdur ki, bu istiqamətdə fəaliyyətini genişləndirməyə davam edir. Bu məqsədlə Moskvada Azərbaycan məhsullarının alıcılara təqdim olunduğu sayca altıncı stend fəaliyyətə başlayıb. Bu layihə uğurla davam etdirilir. Çünki rusiyalı alıcıların məhsullarımıza marağı böyükdür. Onlar ekoloji cəhətdən təmiz və sərfəli qiymətə satılan Azərbaycan məhsullarına üstünlük verirlər”.

Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsinin müşaviri Asiman Həşimli bildirib ki, açılan stenddə Azərbaycan istehsalı olan şərablar, bitki yağları, təbii şirələr və konservləşdirilmiş Azərbaycan məhsulları rusiyalı alıcılara nümayiş olunur: “Qeyd edim ki, 2019-cu ildə həyata keçirilən “Azərbaycan nemətləri” layihəsi çərçivəsində artıq beş belə güşə açılıb və hazırda fəaliyyətini davam etdirir. Moskva şəhərindən başqa Voronej və Yekaterinburqda yerləşən ticarət məkanlarında da belə stendlərimiz fəaliyyət göstərir. Hesab edirəm ki, bu stendlərin açılması Azərbaycan məhsullarının yerli alıcılar arasında tanıdılması, ümumiyyətlə, Rusiya bazarında təşviqi baxımından böyük önəm kəsb edir. Əminəm ki, bu, Azərbaycan məhsullarının Rusiyaya ixracı işinə də öz töhfəsini verəcək”

“Tvoy Dom” hipermarketlər şəbəkəsinin direktor müavini Elxan Əliyev alıcıların Azərbaycan məhsullarını çox yüksək qiymətləndirdiyini söyləyib. Onun sözlərinə görə, hazırda Azərbaycan məhsullarına çox böyük tələbat var: “Çünki Azərbaycan məhsulları ilk növbədə keyfiyyətinə görə fərqlənir. Alıcılar bu keyfiyyətin fərqindədirlər. Azərbaycan məhsulları rəqabətə davamlıdır. Bundan əvvəl də biz Azərbaycan məhsulları satmışıq. İndi isə bu daha geniş və kütləvi şəkildə Azərbaycan məhsullarının rusiyalı alıcılara çatdırılmasını həyata keçiririk”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin tapşırığı ilə Ticarət Nümayəndəliyimizin Azərbaycanlı ixracatçılara hərtərəfli dəstək sisteminin formalaşdırılması, habelə Azərbaycan məhsullarının Rusiya bazarında təşviqinə dair yaradılan "Azərbaycan Ticarət Evi" konsepsiyasına daxil olan bu layihədə 40-dan artıq şirkətimizin 150 adda məhsulları təqdim olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR