Uşakov: Rusiya və Çin liderləri Ukraynadakı münaqişəni müzakirə edəcəklər

Vladimir Putin - Si Cinpin

© APA | Vladimir Putin - Si Cinpin

# 17 mart 2023 16:23 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Ukraynadakı münaqişəni müzakirə edəcəklər.

APA xəbər verir ki, bunu Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov brifinq zamanı jurnalistlərə açıqlamasında bildirib.

Uşakov qeyd edib ki, Moskva Çin rəhbərliyinin balanslı mövqeyini yüksək qiymətləndirir.

“Ölkə liderləri bir çox sahələri, o cümlədən hərbi-texniki əməkdaşlığı əhatə edən məsələləri müzakirə edəcəklər. Bu görüşdə Rusiya müdafiə naziri Sergey Şoyqu və Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev də iştirak edəcək.

Görüşdən sonra Putin və Si Cinpin ölkələrarası münasibətlərin dərinləşdirilməsinə dair bəyanatlar və iki ölkənin iqtisadiyyat sahəsində əməkdaşlığının inkişafı planını imzalayacaqlar”, – Putinin köməkçisi əlavə edib.

Uşakov onu da əlavə edib ki, Rusiya və Çin liderləri ölkələr arasında inkişaf etməkdə olan münasibətlərin ən yüksək səviyyədə olmasından razıdırlar, Si Cinpinin Moskva səfəri isə əlaqələrin inkişafına yeni təkan verəcək.

“Çin sədri Moskva səfəri çərçivəsində Rusiya Hökumətinin sədri Mixail Mişustinlə 21 martda görüşəcək”, – Uşakov bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR