XİN başçısı: Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku

© APA | Moldova xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku

# 03 mart 2023 19:01 (UTC +04:00)

Moldova 2030-cu ildə Avropa İttifaqına (Aİ) üzv olmaq niyyətindədir.

APA IPN agentliyinə istinadən xəbər verir ki, bu bəyanatla Moldova Baş nazirin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Niku Popesku ölkəsinin Aİ-yə üzvlük üçün müraciətinin ildönümü münasibətilə təşkil olunan mətbuat konfransında çıxış edib.

Onun sözlərinə görə, bu il Avropa Komissiyasının əsasən, ədliyyə islahatlarına yönəlmiş doqquz şərt paketinin həyata keçirilməsi planı hazırlanıb.

“Moldova hakimiyyəti digər üzv dövlətləri ölkəni böyük Avropa ailəsinə qəbul etməyə necə inandırmaq niyyətindədir?” - sualına xarici işlər naziri lakonik cavab verib.

“Moldova Respublikasının Aİ-yə, Şengen zonasına və Avrozonaya daxil olacağına qəti inanıram. İstənilən islahatla bağlı Aİ-yə üzv olan hər bir dövlətlə daim əlaqə saxlanılmalıdır, məlumatlandırılmalıdır", - diplomat bildirib.

Moldova Respublikasının Aİ-yə üzvlük prosesində gecikdirdiyi öhdəliklərə gəlincə, Niku Popesku onların bir neçə sektora aid olduğunu qeyd edib. “Bəzi məqamlar siyasi amillərlə, qanunvericiliklə bağlıdır. Məsələn, ədalət mühakiməsi islahatları, qanunun aliliyinin fəaliyyəti, demokratiyanın gücləndirilməsi. Eyni zamanda, praktiki, infrastruktur sahələri də var. Moldova Respublikasına siqnal verilir ki, yol təhlükəsizliyini xeyli yaxşılaşdırmalı, sərhəd-keçid infrastrukturunu inkişaf etdirməlidir, yoxsa üzvlük anında Moldova Respublikası Aİ-nin xarici sərhədində olan ölkə olacaq”, - XİN başçısı əlavə edib.

“Bu gün bizim şərqimizdə baş verənlərə, ölkəmizlə son 12 ayda baş verənlərə nəzər salaraq, Moldova Respublikasının yerinin Avropa İttifaqında olduğunu yüksək səslə və aydın şəkildə söyləməliyik. Biz nail olacağıq, gəlin azadlığımızı və sülhü Aİ ilə qoruyaq”, - Popesku vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR