Zalkaliani: "Rusiya ilə gərgin münasibətlərə görə milyonlarla insan problemlə üzləşib"

Zalkaliani: "Rusiya ilə gərgin münasibətlərə görə milyonlarla insan problemlə üzləşib"
# 09 iyul 2019 17:57 (UTC +04:00)

Gürcüstan hökuməti Rusiya ilə münasibətlərin əvvəlki səviyyəyə enməməsi üçün çalışır.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan Xarici İşlər naziri David Zalkaliani bildirib.

“Biz gərginliyin aradan qalxması üçün hər şeyi etməliyik. Hökumətin bu vəziyyətlə bağlı xüsusi planı var. Biz çətin vəziyyətdə qalan özəl şirkətlər, səyahət agentliklərinin nümayəndələri ilə nazirlər səviyyəsində müntəzəm görüşürlər keçiririk və onların ağır yükünü azaltmağa çalışırıq. Düşünürəm ki, illər ərzində Rusiya ilə əlaqələrin inkişafında biz müsbət dinamika əldə etmişik və bunu itirmək olmaz. Məsuliyyətli bir hökumət kimi gərginliyin dayandırılması üçün əlimizdən gələni etməliyik. Çünki milyonlarla insan problemlərlə üzləşib”, -D. Zalkaliani vurğulayıb.

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı qurumun prezidenti, Rusiya Kommunist Partiyasının nümayəndəsi və Dövlət Dumasının deputatı Sergey Qavrilovun parlament sədrinin kürsüsündə əyləşərək iclasa sədrlik etməsi etirazlara səbəb olub. Etiraz aksiyaları nəticəsində parlamentin sədri İrakli Kobaxidze istefa verib.

Rusiya prezidenti Vladimir Putin aviaşirkətlərə iyulun 8-dən Rusiyadan Gürcüstana daşınmaların qadağan olunması haqqında sərəncam imzalayıb.

Rusiyanın dövlət başçısı, həmçinin hökumətə Gürcüstanda olan ölkə vətəndaşlarının geri qaytarılmasının təmin olunması tapşırığını verib.

Bundan başqa, prezident turoperatorlara uçuşlara qadağa olunan vaxt Rusiyadan Gürcüstana səyahət turları satmamağı məsləhət görüb.

Rusiya Dövlət Duması hökumətə Gürcüstana qarşı sanksiyaların tətbiq edilməsinin məqsədəuyğunluğuna baxılması və müvafiq təklifin prezidentə təqdim edilməsini tövsiyə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR