Zaxarova “Şimal axını”ndakı insidentlə bağlı Baydendən açıqlama istəyib

Mariya Zaxarova

© APA | Mariya Zaxarova

# 28 sentyabr 2022 16:43 (UTC +04:00)

“Şimal axını” qaz kəmərlərinin fəaliyyətində 25 və 26 sentyabr tarixlərində yaranmış çətinlikdə ABŞ-ın hər hansı rolu olub? Bu suala ABŞ Prezidenti Co Bayden cavab verməyə borcludur.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

O, rəsmi Telegram kanalında Baydenin çıxışının videosunu yerləşdirib və onun fikirlərinə yer verib: “Əgər Rusiya Ukraynaya soxularsa, rus tankları və hərbçiləri Ukrayna sərhədlərini keçsə, ondan sonra “Şimal axını” mövcud olmayacaq. Biz onun sonunu gətirəcəyik, mən bunu sizə söz verirəm. Bizim bunu etmək gücümüz var”.

Zaxarova vurğulayıb ki, Bayden çıxışı zamanı belə bir təşəbbüsünün olmasını verdiyi vədlə də möhkəmləndirib: “Deyilən sözlərə görə, məsuliyyət daşımaq lazımdır. Səsləndirdiyi fikri tam şəkildə anlamaması Baydeni məsuliyyətdən azad etmir. Avropa həqiqətləri bilməlidir”.

Xatırladaq ki, 25 və 26 sentyabr tarixlərində “Şimal axını-1” və “Şimal axını-2” qaz kəmərlərinin 3 xəttində fövqəladə hal baş verib.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR